18:40 03-11-2011
news_image

Əli İsmayılovun rəqibi dəyişdi, bəxtinə məğlubedilməz düşdü

Azərbaycanlı peşəkar boksçu Əli İsmayılovun noyabrın 4-də keçirəcəyi döyüşdə rəqibi dəyişib. Apasport.az saytının məlumatına görə, 37 yaşlı boksçumuzun qanalı həmyaşıdı Ueyn Braytueytlə görüşü baş tutmayacaq.

Bunun səbəbi açıqlanmır və yalnız Braytueytin Moskvada Denis Lebedevlə Ceyms Toninin görüşəcəyi gün təşkil olunacaq boks şousunda iştirak etməyəcəyi bildirilir. Əvəzində Əli çox güclü rəqiblə qarşılaşmaq məcburiyyətində qalib. Belə ki, təşkilatçılar həmyerlimizə ukraynalı İsmayıl Sillahı rəqib seçib. O, indiyə kimi keçirdiyi 16 döyüşün hamısında qalib gəlib.

Sillah da İsmayılov kimi eyni aqibətlə üzləşib. Belə ki, ukraynalı əlcək ustası rusiyalı Maksim Vlasovla döyüşməli imiş. Ancaq rəqibi oktyabrın 5-də məşq prosesində zədələnib və bu səbəbdən də onun rinqə çıxa bilməyəcəyi məlum olub.

Gecənin təşkilatçıları və Sillahın promouteri təcili rəqibi dəyişmək istəyib və bu zaman Əliyədək Konstantin Piternovun namizədliyi irəli sürülüb. Ancaq tezliklə bu qəbul olunmayıb və İsmayılovla döyüşə qərar verilib.

Qeyd edək ki, Əli son görüşün iyunun 11-də Kiyevdə ukraynalı Dmitri Kuçerə qarşı keçirib və 7-ci raundda döyüşü davam etdirməkdən imtina etmişdi.