11:49 05-11-2011
news_image
741
DİGƏR NÖVLƏR

“Mingəçevir Reqatası-2011”də 5 ölkə mübarizə aparacaq

Noyabrın 6-da akademik, kayak və kanoe qayıqlarında avarçəkmə üzrə ənənəvi Beynəlxalq “Mingəçevir Reqatası-2011” start götürəcək. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, üç gün davam edəcək yarışa 5 ölkə qatılacaq.

Azərbaycan idmançılarından əlavə, Rusiya, Ukrayna, Gürcüstan və Türkiyə avarçəkənləri qələbə uğrunda mübarizə aparacaqlar. Mingəçevirdə təşkil olunmuş əvvəlki beynəlxalq reqatalarda ilk 3 əcnəbi ölkənin təmsilçıləri çıxış edibsə, Türkiyə yığması ilk dəfə qüvvəsini sınayacaq. Bu isə Azərbaycan Milli Avarçəkmə Federasiyasının qonşu ölkənin müvafiq qurumu ilə də əlaqələrinin get-gedə genişlənməsindən xəbər verir. Digər tərəfdən, Mingəçevir şəhərində yarışın keçiriləcəyi “Kür” Olimpiya Mərkəzi bütün müasir tələblərə cavab verməsi və ilboyu məşq imkanları baxımından, digər ölkələrin də diqqətini cəlb edib. Təsadüfi deyil ki, Ukrayna millisi nəinki reqatada iştirak edəcək, hətta turnirdən sonra qalaraq, uzunmüddətli təlim-məşq toplantısı keçəcək.

Tamaşaçılar bir-birindən maraqlı yürüşlərin şahidi olacaqlar. Belə deməyə ilk növbədə, reqatada Azərbaycanın bütün aparıcı avarçəkənlərinin iştirakı faktı əsas verir. 2011-ci ildə 3 kanoeçimiz – Valentin Demyanenko, Sergey Bezuqlıy və Maksim Prokopenko, eləcə də, 2 akademik avarçəkənimiz – Aleksandr Aleksandrov və Nataliya Mustafayeva dünya çempionatlarında uğurla çıxış edərək, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıblar. Bununla belə, onlar Beynəlxalq “Mingəçevir Reqatası-2011”də də çıxış edəcəklər.

Qeyd edək ki, yarışın baş hakimi İlqar Tağıyev olacaq. Açılış mərasimi noyabrın 6-da saat 10:00-da başlanacaq.