22:30 05-11-2011
news_image
3120
STOLÜSTÜ OYUNLAR

Ardıcıl 3-cü qələbə: Yığmamız lider oldu - YENİLƏNİB

Yunanıstanın Porto Karras şəhərində keçirilən şahmat üzrə komandalararası Avropa çempionatı davam edir. Apasport.az saytının xəbərinə görə, yarışın III turu Azərbaycan yığmaları üçün fərqli nəticələrlə yadda qalıb.

Kişilərdən ibarət komandamız meydan sahibi Yunanıstanla dueldən qalib ayrılıb. Millimizin lideri Teymur Rəcəbovla Xristos Banikas riskə getməyib. I lövhədə yer alan şahmatçılar artıq 28-ci gedişdə heç-heçəyə razılaşıblar. II lövhədə də eyni nəticə qeydə alınıb: Vüqar Həşimov - Dimitrios Mastrovasilis görüşündə 103 gediş oynanılsa da, sonda xallar yarı bölünüb. Amma bunadək digər lövhələrdə Şəhriyar Məmmədyarovla Eltac Səfərli rəqiblərini məğlub edərək, komandamız çempionatda ardıcıl üçüncü qələbəni qazandırıblar. Bu qələbə, milli komandamızı birinci pilləyə qaldırıb.

III tur

Kişilər

YUNANISTAN - AZƏRBAYCAN - 1:3
Xristos Banikas (2620) - Teymur Rəcəbov (2781) - 0,5:0,5
Dimitrios Mastrovasilis (2621) - Vüqar Həşimov (2757) - 0,5:0,5
İoannis Papaioannu (2600) - Şəhriyar Məmmədyarov (2733) - 0:1
İoannis Nikolaidis (2554) – Eltac Səfərli (2630) - 0:1

Qadınlar

Qadınlardan ibarət komandamız isə “qara zolaq”dan çıxa bilmir. İndiyədək qələbəyə həsrət qalan zərif kvartetimiz bu dəfə İspaniya tərəfindən darmadağın olub. Özü də, ispaniyalı xanımlar bütün lövhələrdən qalib ayrılıblar.

AZƏRBAYCAN - İSPANİYA - 0:4
Zeynəb Məmmədyarova (2314) – Olqa Aleksandrova (2423) - 0:1
Nərmin Kazımova (2241) - Cabrina Veqa Qetyerres (2327) - 0:1
Türkan Məmmədyarova (2277) – Monika Ruiz Kalzetta (2301) - 0:1
Nərgiz Umudova (2210) – Yudaniya Estevis Ernandes (2284) - 0:1