13:34 05-11-2011
news_image
1021
STOLÜSTÜ OYUNLAR

Levon Aronyan: Azərbaycanla oyunumuzu yaxşı adlandıra bilmərəm

“Teymur Rəcəbovla matçın başlanğıcında biz necə deyərlər, özümüz üçün o qədər də tanış olmayan mövqelərlə üz-üzə qaldıq. Etiraf etməliyəm ki, bu cür vəziyyəti mən nisbətən yaxın zamanda təhlil etmişdim və yaddaşım məni pis vəziyyətdə qoydu”. Apasport.az saytının məlumatına görə, bunu şahmat üzrə Ermənistan milli komandasının lideri Levon Aronyan deyib.

Dünya reytinqində 3-cü yerdə olan işğalçı ölkənin qrossmeysteri Yunanıstanın Porto Karras şəhərində keçirilən komandalararası Avropa çempionatında Azərbaycan milli komandasına 1:3 hesablı məğlubiyyətə münasibət bildirib. O, Teymur Rəcəbovla heç-heçə başa çatan görüşündə çətinliklə üzləşdiyini etiraf edib: “Mən hansı gedişləri etməli olduğumu dəqiq yadıma sala bilmirdim. Fikrimcə, etdiyim gedişlər düzgün idi. Lakin Rəcəbovun layiqli müqavimətindən sonra məndə heç bir təşəbbüs qalmadı. Belə olan halda qərar verdim ki, heç-heçə ən yaxşı nəticə olacaq”.

Aronyan digər komanda yoldaşlarının oyununa da şərh verib və yığmamıza qarşı biabırçı çıxış etdiklərini bildirib: “Matçın digər görüşlərinə gəldikdə isə Qabriel Sarkisyanla Qədir Hüseynovun duelinin sonunda maraqlı vəziyyət almışdı. Eyni zamanda, Sergey Movsesyanın Vüqar Həşimovla oyunda mövqeyi isə bir o qədər yaxşı deyildi. Ümumiyyətlə, bizim Azərbaycanla oyunumuzu yaxşı adlandıra bilmərəm”.