13:49 05-11-2011
news_image
1612
DİGƏR NÖVLƏR

“Olimpiada-2020-də namizəd şəhər kimi qələbəyə iddialıyıq”

Lozanna şəhərində “2020-ci il Olimpiya oyunlarına namizəd şəhərlər” başlığı altında keçirilən iclasda Azərbaycan dünyanın 3 mötəbər şirkəti - pmplegacy, “Burson- Marsteller” və “Adore Creative” ilə əlaqələr qurmaqla 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etmək istiqamətində böyük addımlar atıb. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Chime Kommunikasiya ASC-nin Chime İdman Marketinqi bölümünün hissəsi olan “pmp” namizəd şəhərin strateji və texniki işlərini aparacaq, brend bölgüsü, izahat və mesajın ötürülməsinə məsuliyyət daşıyacaq, namizəd şəhərin Olimpiya Hərəkatında əlaqələrinin qurulması və təqdimatlarını edəcək.

Dünyanın 6 qitəsinin 110 ölkəsi ilə əlaqələr qurmuş, ictimaiyyətlə əlaqələr (PR) sektorunda dünya şöhrəti qazanmış Burson-Marsteller şirkəti, namizəd şəhər olan Bakının mətbuatla əlaqələri, kommunikasiya strategiyasının təşkilinə cavabdeh olacaq.
2014-cü il Soçi Qış Olimpiya oyunları, 2018-ci ildə Rusiyada təşkil olunacaq Dünya Kuboku üçün reklam və yaradıcılıq sahəsində təbliğat işləri ilə öz töhvəsini vermiş “Adore Creative” şirkəti, filmlərin çəkilişi, yeni media və reklam kampaniyasının aparılması ilə məşğul olacaq.

Baş nazirin birinci müavini, “Bakı 2020” Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov bu cür yüksək səviyyəli şirkətlərlə əlaqələrin qurulmasından məmnun olduğunu deyib: “Şirkətlər çalışdıqları sahələrdə aparıcı rol oynayırlar. Əminəm ki, bu 3 şirkət öz işlərini çox yüksək səviyyədə həyata keçirəcəklər, belə ki, biz 2020-ci il üçün namizəd şəhər olaraq, 2012-ci il may ayında keçiriləcək seçimdə qalibiyyətə iddialıyıq”.

Gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Beynəlxalq Olimpiya Komitəsinə Bakı şəhərinin sözün əsl mənasında 2020-ci ildə Olimpiya oyunlarına ev sahibliyi etməsi istiqamətində ən doğru şəhər olduğunu sübut etmək üçün, 2016-cı il üçün başlanmış namizəd şəhər kampaniyası yüksək səviyyədə davam edir: “Təbii sərvətlərimizə və coğrafi mövqeyimizə minnətdar olaraq bu gün ölkəmiz iqtisadi sahədə dünyada ən sürətli inkişaf edən ölkələrindən biridir. Ölkəmiz mötəbər idman tədbirlərinə ev sahibliyi edir. Biz Beynəlxalq Olimpiya Komitəsinə, bütün olimpiya ailəsinə və regiona ev sahibliyinə layiq olduğumuzu nümayiş etdirəcəyik”.

PMPlegacy-nin rəhbəri Peter Mann bildirib ki, “Bakı 2020-ci il üçün mübarizədə güclü namizəd kimi önə çıxır: “Bakı hal hazırda ən proqressiv, möhtəşəm şəhərlərdən biridir ki, bu da onun regionda ən böyük uğurunun açarıdır. İdman, sosial sahədə çox böyük ambisiyaları və məqsədləri olan ölkə ilə işləməyimiz bizim üçün çox xoşdur. Bakı namizədliyi boyunca olimpiya dəyərlərinin mükəmməlliyinə, hörmət və dostluq münasibətlərinin qurulması istiqamətinə tam uyğun olan bir şəhərdir”.

Burson-Marsteller şirkətinin Avropa Yaxın Şərq və Afrikadakı icraçı direktoru Jeremy Galbraith isə Bakını zəngin tarixi və mədəniyyəti, möhtəşəm təbii sərvətləri olan gözəl bir şəhər kimi xarakterizə edib: “Biz Bakının 2020-ci il Olimpiya oyunlarına ev sahibliyi etməsi arzusunun gerçəkləşməsi istiqamətində aparılacaq Olimpiya Hərəkatında onlara dəstək olmağa seçilməyimizdən məmnunluq və qürur hissi duyuruq. Bakı nağıldır. Bu, zəngin tarixi və mədəniyyəti, möhtəşəm təbii sərvətləri olan gözəl bir şəhərdir. Azərbaycanın nüfuzlu siyasi simalarından ibarət şəxslərin toplandığı nümayəndə heyəti ilə tanış olduqdan sonra, tam əmin oldum ki, Bakı həm bacarıq, eyni zamanda öhdəlik baxımından dünyanın ən möhtəşəm şousuna ev sahibliyi etməyə qadirdir”.

“Adore Creative” in yaradıcısı, icraçı direktoru və yaradıcı direktoru Rupert Wainwright da Bakının gözəl şəhər olduğunu deyib: “Bakımüasir arxitekturası ilə qədim abidələrinin bir yerdə cəmləşdiyi və insanı valeh edən bir məkandır. Bakı, texnologiya sahəsindəki gələcək inkişafı, mədəni sərvətləri, idmana olan sevgisi ilə təsvir olunmaz şəhərdir. Bütün bu gözəllikləri seçməklə Bakını dünyaya tanıtmaqdan qürur duyuruq”.