15:10 07-11-2011
news_image
1633
DİGƏR NÖVLƏR

Elçin Zeynalov: Azərbaycanın qazandığı nüfuz hamıya məlumdur

Elçin Zeynalov: Avarçəkənlərimiz olimpiadaya əlavə 1-2 lisenziya da qazana bilər

Azərbaycan Milli Avarçəkmə Federasiyasının prezidenti Elçin Zeynalov Beynəlxalq “Mingəçevir Reqatası-2011”in açılış mərasimindən sonra jurnalistlər üçün brifinq keçirib. Apasport.az saytının məlumatına görə, Zeynalov yarışın əhəmiyyətindən və avarçəkənlərimizin 2012-ci il London Yay Olimpiya Oyunlarına qazandıqları lisenziyalardan danışıb:

- Əvvəlcə bu reqata barədə fikirlərinizi bildirərdiniz…
- Beynəlxalq Mingəçevir Reqatası artıq 52-ci dəfədir keçirilir. Müstəqillik illərində isə ardıcıl 5-ci dəfə bu reqatanı təşkil edirik. Bizim üçün çox xoş haldır ki, qardaş Türkiyə avarçəkənləri də ilk dəfə ölkəmizə təşrif buyurublar. Eyni zamanda Rusiya, Ukrayna və ənənəvi olaraq, Gürcüstan idmançıları da “Mingəçevir Reqatası-2011”ə qatılıblar. İdman dünyasında Azərbaycanın qazandığı nüfuz hamıya məlumdur. Avarçəkənlərimiz də dünya miqyasında öz sözlərini deməkdədirlər. Artıq 2 akademik avarçəkənimiz – Aleksandr Aleksandrov və Nataliya Mustafayeva və 3 kanoeçimiz – Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti 2012-ci il London Yay Olimpiya Oyunlarına üst-üstə 4 lisenziya qazanıb. Avarçəkənlərimizin nüfuzlu yarışlarda parlaq çıxışları digər ölkələrin də diqqətini cəlb edib. Bunun nəticəsidir ki, Gürcüstan, Türkiyə, Rusiya və Ukrayna avarçəkənləri də ənənəvi reqatada güclərini sınamağı qərara alıblar.

- “Mingəçevir Reqatası-2011” London olimpiadasına hazırlıq baxımından hansı əhəmiyyətə malikdir?
- Avarçəkənlərimiz üçün gələn il 27 iyul – 12 avqustda keçiriləcək olimpiadaya hazırlıq məhz bu aydan başlanır. “Mingəçevir Reqatası-2011” onlar üçün bir start yarışıdır. Bu reqatada idmançılarımızın hazırlığa necə başladıqlarını izləyəcəyik. Daha sonra avarçəkənlərimiz təlim-məşq toplantıları və olimpiada öncəsi reqatalara qatılacaqlar.

- Olimpiadaya lisenziyaların sayını artırmaq imkanlarını necə dəyərləndirirsiniz?
- 2012-ci ilin mayında həm akademik avarçəkmə, həm də kayak və kanoe üzrə daha bir olimpiya təsnifat yarışı təşkil olunacaq. Şübhəsiz ki, Azərbaycan milli komandası da bu turnirlərə qatılacaq. Avarçəkənlərimizin əlavə olaraq, 1 və ya 2 lisenziya qazanma ehtimalı var. Amma onu da bilmək lazımdır ki, bunlar çox çətin yarışlar olacaq. Bu il lisenziya qazana bilməyən idmançılar bütün güclərini səfərbər edəcəklər. Çalışacaqlar ki, lisenziya üçün son şansdan layiqincə yararlansınlar. Şübhəsiz ki, biz də mübarizə aparacağıq. Hər şeyi zaman göstərəcək.