14:16 09-11-2011
news_image
1368
DÖYÜŞ NÖVLƏRİ

Türkiyəli mütəxəssisin rəhbərliyi altında ilk sınaq

Noyabrın 11-13-də Rusiyanın paytaxtı Moskvada sərbəst və yunan-Roma güləşi üzrə komandalararası Avropa Millətlər Kuboku keçiriləcək. Apasport.az saytının məlumatına görə, yunan-Roma güləşi üzrə yarışda Azərbaycan, Rusiya, Türkiyə və Belarus, sərbəst güləş üzrə turnirdə isə Azərbaycan, Rusiya, Türkiyə, Macarıstan, Bolqarıstan və Belarus komandaları mübarizə aparacaqlar.

Baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yığmamızın heyətində Mahmud Məhəmmədov (55 kq), Toğrul Əsgərov (60 kq), Emin Əzizov (66 kq), Aleksandr Qostiyev, İbrahim Yusubov (hər ikisi 74 kq), Novruz Temrezov (84 kq), Hacı Əlicanov (96 kq) və Aslan Dzebişov (120 kq) yer alıblar.

Yunan-Roma güləşi üzrə yığma komandamız məşqçilər Salih Bora və Şaban Donatın rəhbərliyi altında ilk sınağına çıxacaqlar. Yığmamızı turnirdə Eldəniz Əzizli (55 kq), Kamran Məmmədov (60 kq), Rəsul Çunayev, Azad Əliyev (hər ikisi 66 kq), Rafiq Hüseynov, Emin Əhmədov (hər ikisi 74 kq), Fuad Əliyev (84 kq), Araz Həsənov (96 kq) və Maksim Proxorov (120 kq) təmsil edəcəklər.

Qeyd edək ki, turnirdə ədalət təmsilçisi kimi ölkəmizi Azərbaycan Güləş Federasiyasının Hakimlər Kollegiyasının sədri, beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.