12:00 11-11-2011
news_image
1523
DÖYÜŞ NÖVLƏRİ

Əli İsmayılov: Mən ailəmə sağlam kişi kimi lazımam - MÜSAHİBƏ

Azərbaycanlı peşəkar boksçu Əli İsmayılovun apasport.az saytına müsahibəsi.

- Moskvada keçirilən son döyüşdə ukraynalı rəqibinizə uduzdunuz. Karyeranızda bundan sonra hansı mərhələ gəlir?
- Mən bu döyüşə çox yaxşı hazırlaşmışdım. Amma nəticə istədiyim kimi olmadı. Döyüşdən sonra da Moskvada jurnalistlər mənə bu barədə çox sual verdilər. Başa düşürəm ki, hələ də gücüm və təcrübəm var. Amma bəzən istədiyinlə yaş həddinin tələbləri başqa cür olur. Qəbul edirəm ki, bu mərhələdən sonra geri dönmək, qələbələr qazanmaq artıq çətindir.

- Son qərarınızı artıq qəbul etmisiniz?
- Bəli. Bu, son mərhələdir, mən boksdan getdim. Çünki boksçu olmaqla yanaşı, həm də bir ailə başçısıyam. Başa düşürəm ki, bu vəziyyətdə davam etsəm, ağır zədələr məni tapa bilər. Amma mən ailəmə sağlam kişi kimi lazımam. Fikirləşirəm ki, bu mərhələdə getmək daha məqsədəuyğundur. Artıq karyerama son qoydum. Bundan sonra məni boksçu kimi peşəkar rinqdə görməyəcəksiniz.

- Siz həm həvəskar, həm də peşəkar rinqdə qüvvənizi sınamısınız. Geriyə baxanda karyeranızdan razı, yoxsa narazısınız?
- Narazılıq etməyə heç bir haqqım yoxdur. Çünki ən əsası uşaqlıq arzumu həyata keçirmişəm. Həm həvəskar, həm də peşəkar rinqdə qüvvəmi sınamışam. Məhəmməd Əlinin vaxtında 1, Mayk Taysonun vaxtında isə 3 versiya var idi. Biz döyüşdüyümüz vaxt isə 5 versiya olub ki, bunlardan 4-də rəsmən iştirak etmişəm. Odur ki, özümü xoşbəxt hiss edirəm. Yeganə azərbaycanlıyam ki, peşəkar rinqdə bu qədər uzun müddət qalmışam. Hər şeydən razıyam. Amma nəticələr daha da yüksək ola bilərdi.

- İdmançı üçün karyera ilə yanaşı, həm də maddi gəlir önəmlidir. Siz həvəskar, yoxsa, peşəkar rinqdə daha çox qazanmısınız?
- İki olimpiadada iştirak etdikdən sonra peşəkar sahəyə adlamışam. Gec də olsa, çox uduzmamışam. Çünki həvəskar rinqdə nə qədər çox mübarizə aparsan, gələcəkdə sənin üçün peşəkar rinq bir o qədər asan görünür. Əlbəttə ki, peşəkar sahədə daha çox qazanmaq olur. Çünki bu döyüşlər qarşılıqlı razılaşma əsasında həyata keçirilir. Düzdür, dünya çempionu olan qədər qazanmamışam. Amma peşəkar rinq maddi baxımdan daha sərfəlidir. Mən bu sahəyə bir qədər gec gəldim.

- Artıq idmandan gedirsiniz. Bəs ailədə yolunuzu davam etdirən varmı?
- Mənimlə yanaşı, həyat yoldaşım da idmançıdır. Yəni idmançılıq keyfiyyəti oğluma bir növ gendən keçib. Oğlum artıq boksu dərk edir və boksçu olacaq. Onda dünya idmanının canlı əfsanəsi Məhəmməd Əlinin adını qoymuşam. Artıq idmanın nə olduğunu dərk edir. Onu daha güclü bir idmançı kimi görmək istəyirəm. Məhəmməd Əli 20-ci əsrdə məşhurlaşıb, oğlum isə 21-ci əsrin Məhəmməd Əlisi olacaq. Buna inamım böyükdür. Artıq Məhəmməd Əlinin kim olduğunu onun beyninə yeritmişəm. Başa düşür ki, kimin adını daşıyır və bu məsuliyyət nə deməkdir. Hətta mənim oğlumun adının Məhəmməd Əli olduğunu dahi boksçunun özü də bilir.

- Siz bunu nə vaxt demisiniz?
- Uşaq təzə anadan olanda. Hyustonda keçirilən boks üzrə dünya çempionatında ona yaxınlaşmaq söhbət etmək imkanım oldu. Məni çox səmimi qarşıladı. Dedim ki, ötən il sizinlə görüşmüşəm. Yəni, məni xatırlayırsan. Bir oğlum olub, sizin adınızı qoymuşam. Gözləri yaşardı. Dedi ki, mənim kimi boksçu olar. Ona ümidlərim çoxdur, böyükdür. Hazırda yavaş-yavaş məşqlər edir. Onu çox yükləmək olmaz. İnşallah, yaxın gələcəkdə həvəskar rinqdə sözünü deyib, peşəkar sahəyə atılacaq. Hər şey qismətdən asılıdır.

- Gələcək planlarınız nə ilə bağlıdır. Məşqçiliyə başlamaq fikriniz varmı?
- Əlbəttə ki. Mən praktiki olaraq, məşqçiliyə başlamışam. Yaxşı tələbələrim də var. İdmançı karyeramı başa vurduğuma görə, bundan sonra məşqçiliklə daha yaxından məşğul olacağam. İnşallah, mənim səsim yaxın gələcəkdə boks salonlarından bir məşqçi kimi gələcək.