18:06 11-11-2011
news_image
1154
DÖYÜŞ NÖVLƏRİ

“Sabahkı matçımıza gəlin – təəssüflənməyəcəksiniz!”

Bu gün “Sərhədçi” Olimpiya Mərkəzində “Baku Fires” (Azərbaycan) və “Wuxi Dragons” (Çin) komandaları arasında Ümumdünya Boks Seriyasının (WSB ) matçına həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Apasport.az saytının məlumatına görə, hər iki komandanın boksçularından başqa, “Baku Fires”in baş meneceri Rizvan Gənciyev, baş məşqçisi Həmzət Ağayev, “Wuxi Dragons”un baş meneceri Ksyaocun Ju, baş məşqçisi Jixonq Yuan, həmçinin WSB-nin supervayzeri Qarip Erkuyumçu iştirak edib. Erkuyumçu boksçuları çəki mərasiminə dəvət edib. Çəki yoxlamasından sonra tədbir iştirakçıları qarşıdakı matçla bağlı öz fikirlərini bildiriblər.

Ju bugünkü görüşün bütün iştirakçılarını salamlayıb: “Wuxi Dragons matça hazırdır. Biz “Baku Fires” kimi güclü komandaya qarşı layiqli çıxış üçün əlimizdən gələni edəcəyik”.

Gənciyev hər kəsi WSB-nin ikinci mövsümünün başlaması münasibətilə təbrik edib və bütün azarkeşləri matça dəvət edib: “Gəlin – təəssüflənməyəcəksiniz! Rəqibimiz çox çətin rəqibdir. “Wuxi Dragons”un yeni boksçuları və məşqçisi var. Görünür, komanda güclənib. Rəqib haqqında geniş informasiyaya malik deyilik. Sabah onun əsl gücünü biləcəyik”.

Yuan bildirib ki, “Baku Fires” çox güclü komandadır: “Biz bunu hələ ötən mövsümdə görmüşük. Azərbaycan komandasının çempionluq üçün əla imkanları var. “Wuxi Dragons”a gəlincə, komandada yeni idmançılarımız var. Onları işdə görmək maraqlı olacaq. Əminəm, sabahki oyun çox baxımlı alınacaq”.

Ağayev ötən mövsüm “Baku Fires”in mübarizəyə məhz Çin komandasına qarşı başladığını söyləyib: “O zaman hər şey bizim üçün yaxşı oldu. Bizim qalib gəlmək üçün əla imkanlarımız var”.

Qeyd edək ki, sabah “Sərhədçi”də keçiriləcək matç saat 19:00-da başlayacaq.