13:08 17-11-2011
news_image
1180
DİGƏR NÖVLƏR

Dünya çempionunun evindən 225 kq narkotik tapıldı

Puerto-Riko polisi peşəkar boks üzrə keçmiş dünya çempionu İvan Kalderonun evində 225 kq kokain aşkarlayıb. Lent.az-ın “BoxingScene.com”a istinadən verdiyi məlumata görə, 4–4,5 milyon dollarlıq iri narkotik partiyasını Kalderonun ölkə kənarında yerləşən Umakao şəhərindəki evindən narkotik ticarəti ilə mübarizə şöbəsinin əməkdaşları aşkarlayıb.

Boksçunun özü tapılan maddələrlə heç bir bağlılığının olmadığını söyləyib. 36 yaşlı idmançının sözlərinə görə, Umakaodakı ev ona məxsus olan bir neçə daşınmaz obyektdən biridir. Kalderonun bu evdə yaşadığı və ya icarəyə verdiyi barədə dəqiq informasiya yoxdur. Promouteri Piter Rivera isə onun günahsız olduğunu söyləyib: “Kalderon evindən narkotik tapıldığını bildikdən sonra çox təəccübləndi”.

Təsdiqlənməmiş məlumatlara əsasən, boksçunun evində axtarış ABŞ-a kokain nəqli ilə məşğul olan narkotik ticarətçisinin bu yaxınlarda Mayamidə saxlanılması ilə bağlı təhqiqat çərçivəsində aparılıb.

Qeyd edək ki, İvan Kalderon peşəkar karyerasına 2001-ci ildə başlayıb. Əvvəllər o, 47,6 kq və 49 kq çəki dərəcələrində dünya çempionu olub. Boksçu peşəkar rinqdə 38 döyüş keçirib, 6-sı nokautla olmaqla 35 qələbə qazanıb, 2 məğlubiyyətlə üzləşib və 1 heç-heçə edib. Kalderon sonuncu döyüşünə oktyabrın 29-da çıxıb.