00:02 18-11-2011
news_image
2122
DÖYÜŞ NÖVLƏRİ

“Azərbaycan yığmasında futbol da oynayaram” - MÜSAHİBƏ

Azərbaycan cüdo yığmasının lideri, olimpiya çempionu Elnur Məmmədli apasport.az saytına müsahibəsi

- Qarşıda sizi hansı yarışlar gözləyir?
- İspaniyanın Malaqa şəhərindəki təlim-məşq toplanışından qayıtmışıq. Məşqlər yaxşı, hətta deyərdim yüksək səviyyədə keçdi. İlin axırında Qazaxıstanda “Masters” seriyalı turnir olacaq. Həmin turnirdə dünyanın 16 ən güclü cüdoçusu qüvvəsini sınayacaq. Turnirdə mən də güləşəcəyəm.

- Bu gün Hollandiyada beynəlxalq turnir start götürür. Səfərə getməməyinizə səbəb nədir?
- Burada müəyyən səbəblər var. Olimpiya Oyunları qabağı çox gözə görünmək də düzgün deyil. Bu, bizim rəhbərliyin, məşqçilərin taktikasıdır. Cüdo elə bir idman növüdür ki, mövsüm ərzində daha çox yarışda qüvvəmizi sınayırıq. Cari ildə mən 8 yarışda güləşmişəm. Hər dəfə yarış öncəsi çəki salanda müəyyən problemlər meydana çıxır. Düzdür, zədələnəcəyimi hiss etmirəm, amma belə təhlükə də var. Əsas məqsəd London Olimpiadasına vəsiqə əldə etməkdir.

- De-fakto da olsa, olimpiadaya lisenziya qazanmağın öhdəsindən gəlmisiniz. Daha hansı cüdoçularımız bizi İngiltərə paytaxtında təmsil edə bilər?
- Komandada istedadlı idmançılar var. 60 kq çəki dərəcəsində İlqar Müşkiyevin adını çəkə bilərəm. Azərbaycanı 66 kq-da Tərlan Kərimovun layiqli təmsil edəcəyinə inanıram. 73 kiloqramda isə problemlərimiz var. Mən çəkimi artırandan sonra bu çəki boş qalıb. Növbəti çəki dərəcəsində özüməm. 90 kq-da Elxan Məmmədovun şansı var. 100 kq-da isə Elmar Qasımov yer alıb. İndiki vəziyyətdə onun olimpiadaya getmək şansı yarıbayarıdır. Yəni, Londona yollanmaya da bilər. Hollandiyadakı yarışlar məhz Elmar kimi adamlara lazımdır. Bəli, həqiqətən də bu idmançının xalı azdır.

- Elmar Qasımov məsələsinə yaxşı toxundunuz. Qasımov yaxşı gəlirdi, amma indi nəticələri zəifləyib. Sizcə, bu, nə ilə bağlıdır?
- Gəlin, belə danışaq. Elmar gənclər arasında Avropa çempionu olub. Azərbaycanda yeniyetmələr arasında, eləcə də gənclərin yarışında Avropa və ya dünya çempionları çoxdur. Böyüklər arasında mübarizə aparmaq isə çox çətindir. Ola bilər ki, gənclər arasında Avropa çempionu olasan, amma böyüklərdə yaxşı güləşməyəsən. Və ya vəziyyət əksinə də baş verə bilər. Bəli, Elmar bizim fəxrimizdir. Bayrağımızı Ermənistanda dalğalandırıb. Hər bir idmançı istəyər ki, düşmən ölkədə öz bayrağını dalğalandırsın. Hələ cavandır. Böyüklər arasında sizin, mənim fikirləşdiyim nailiyyəti Elmardan gözləmək hələ tezdir.

- Haqqınızda belə bir ifadə işlənir. Elnur beynəlxalq turnirlərdə zəif təsir bağışlasa da, Avropa, dünya çempionatlarında tam başqa cür güləşir. İndiki fikri doğrultmağa qadirsinizmi?
- Maşallah, mənim kolleksiyam medalla zəngindir. Yalnız dünya çempionatının qızıl medalını qazanmamışam. Mundialda çempion olmamış idmandan uzaqlaşan deyiləm. Xalqımıza da Avropa və dünya çempionatlarında, eləcə də Olimpiya Oyunlarında qazanılan nəticələr daha çox maraqlıdır. Bundan əlavə “Böyük Dəbilqə”, ən güclü 16 idmançının turniri də əhəmiyyət kəsb edir. Amma hər bir yarışa çıxmaq alınmır. Niyə rəqiblər sənə baxsın, həlledici mərhələyə daha yaxşı hazırlaşsın? Belə xırda məqamlara bir qədər diqqət ayırmaq lazımdır.

- Artıq olimpiadaya aylar qalıb. Sizdən yenə qızıl medal gözləyəkmi?
- Allah qoysa. Bizim məqsədimiz, fikrimiz budur. Bu arzu ilə yatıb, bu arzu ilə dururuq. Amma Pekin Yay Olimpiya Oyunlarından sonra proqnoz vermək olmur. Qaydaları da bir az dəyişiblər.

- Xüsusən də, sizin ən çox sevdiyiniz fənlərdən bir neçəsi ixtisara düşüb...
- Dünyada müxtəlif məktəblər var. Bizim idmançılar Qafqaz məktəbinin yetirmələri hesab olunur. Bəzi dostlar hələ də mənə zarafatyana deyirlər ki, sənə görə bu idman növü belə oldu.

- Doğurdanmı, Pekində rəqiblərinizi təqribən eyni fənlə ippona salmağınızın verilən qərara təsiri olubmu?
- Bu məsələ bütün hakimlər birliyi tərəfindən müzakirə olunub. Bəli, Pekində Koreya idmançısını tez bir zamanda udduğum görüşdən sonra qaydalara dəyişiklik edildi. Köhnə fənlərin hamısı bizim məktəbə uyğun idi. İnşallah, güləşən yenə də güləşəcək. Razıyam ki, uğur qazanmaq çətindir. Amma geriyə yolum da yoxdur. Çətin olsa belə, ancaq irəli getmək lazımdır.

- Əvvəlki illərlə müqayisədə şou-proqramlarda görünmürsünüz. Artıq demək olarmı ki, bütün diqqətinizi idmana yönəltmisiniz?
- Hər bir şeyi öz vaxtı var. Vaxt var idi proqramlarda olmalı idim, çünki boşluq var idi. Amma indi məşqlərdə, yenidən zallardayam.

- Futbola necə marağınız varmı?
- Cüdodan vaxtım olsa, Azərbaycan yığmasında futbol da oynayaram.

- Yığma komandanın oyunlarına baxırsınızmı?
- Əlbəttə baxıram. Çox maraqlanıram.

- Bu sahədə olan şəxslərdən kiminləsə şəxsi tanışlığınız varmı?
- Milli komandanın kapitanı Rəşad Sadıqovla tanışlığımız var. Rəşad Sadıqov bizim yaxın dostumuz, dəfələrlə Avropa çempionu olmuş, cüdoçu Elçin İsmayılovun dostudur. Mən də Elçinin sayəsində Rəşad Sadıqovu tanımışam. Qarşılıqlı hörmətimiz var.