11:51 23-11-2011
news_image
3332
DİGƏR NÖVLƏR

Azərbaycan dünya çempionatını keçirməyə namizədliyini verdi

Latviyanın paytaxtı Riqada pauerliftinqin WPC versiyası üzrə dünya çempionatına yekun vurulub. Apasport.az saytının xəbərinə görə, 50-yə yaxın ölkə idmançısının iştirak etdiyi yarışda yığmamız federasiya prezidenti Ələddin Əliyevin rəhbərliyi altında 8 atletlə təmsil olunub və onlardan üçü qızıl medal qazanıb.

Həmvətənlərimizdən gənclər arasında 100 kq çəkidə çıxış edən Hafiz Verdiyev ləvazimatların köməyi ilə 3 hərəkətin cəmində 900 kq ağırlığın öhdəsindən gələrək bütün rəqibləri üçün əlçatmaz olub. Yeniyetmə idmançımız Cavidan Ramazanov isə ləvazimatsız 100 kq-da 380 kq ağırlığı ram edib. Bu isə ona fəxri kürsün ən yüksək pilləsinə qalxmaq üçün yetərli olub.

Xatırladaq ki, daha öncə yeganə qadın idmançımız, 56 kq-da çıxış edən Rəna Əliyeva ləvazimatla 290 kq nəticə göstərməklə qızıl medal qazanmışdı. Bundan başqa 2 idmançımız da fəxri kürsüyə yaxın olub – Azər Əliyev 100 kq-da ləvazimatsız 610 kq, Eldar Məmmədov isə həmin çəkidə ləvazimatla 830 kq qaldıraraq 4-cü yerlə kifayətlənib.

Beynəlxalq federasiya WPC-nin yaranmasının 30-cu ilində təşkil olunan yarış zamanı Azərbaycan Pauerliftinq Federasiyasının prezidenti Ələddin Əliyev qurumun işindəki aktiv fəaliyyətinə görə xüsusi qızıl medalla təltif edilib. Yeri gəlmişkən, Ələddin Əliyevin sözlərinə görə, 2013-cü ildə dünya çempionatının ölkəmizdə keçirilməsi üçün namizədliyimizi irəli sürüb. Yekun qərar gələn il Las-Veqasda keçiriləcək mundial zamanı veriləcək.