15:39 24-11-2011
news_image
3965
DÖYÜŞ NÖVLƏRİ

Elçin Əlizadə: Artıq karyeramı başa vurmağı qərara almışam

“Karyeramı başa vurmağı qərara almışam. Çünki mənim çəkimdə milli komandada mübarizə aparan Teymur Məmmədov artıq London Olimpiadasına lisenziya qazanıb və hazırda yığmaya dönməyim mümkün deyil”. Bunu apasport.az saytına açıqlamasında Azərbaycan yığmasının sabiq boksçusu Elçin Əlizadə (91 kq) deyib.

Yanvarın 2-də 26 yaşı tamam olacaq dünya çempionatının finalçısı karyerasını peşəsinə uyğun davam etdirmək fikrindədir. Əlizadənin sözlərinə görə, bundan sonra da bir sıra titullara imza atmaq gücündə olsa da, artıq qərarını verib: “Yenə təkrar edirəm, yığmanın sabiq kubalı çalışdırıcıları ilə dil problemi olduğundan belə vəziyyət alındı. Amma mən bir çox uğurlar qazanmaq gücündə idim. Bilirəm, mənim böyüklərlə işləməyim bir qədər tezdir. Lakin yeniyetmələrlə və gənclərlə çalışa bilərəm. Artıq fikirləşirəm ki, cavanlara örnək ola bilərəm”.

Əlizadə bildirib ki, millidə ona ehtiyac olarsa, karyerasını davam etdirə bilər: “Boks elə bir idman növüdür ki, bir müddət uzaq düşdükdən sonra əvvəlki formanı qaytarmaq çətin olur. Halbuki, əvvəlkindən də artıq məşq edirsən və qidalanırsan. Lakin indi elə bir vəziyyət yarınıb ki, çıxışımı dayandırmaq məcburiyyətində qalmışam. Çünki London-2012-dən sonra 2016-cı ildə Los-Ancelesdə baş tutacaq Olimpiya Oyunlarına qədər vaxt çoxdur. Düzdür, çıxıb Azərbaycan çempionatında özümü göstərə bilərəm. Lakin həmin vaxt yaş da öz sözünü deyəcək. Hazırda yalnız bu sahədə işləməyi planlaşdırıram”.

Qeyd edək ki, 2005-ci ildə dünya çempionatının gümüş, 1 il sonra Avropa çempionatının bürünc medalına sahib olan Əlizadə ilə birlikdə milli komandadan Samir Məmmədov da kənarlaşdırılmışdı. Lakin Elçindən fərqli, Məmmədov bir sıra yarışlara qatılıb.