00:17 25-11-2011
news_image
1305
DÖYÜŞ NÖVLƏRİ

London cədvəli

Beynəlxalq Cüdo Federasiyası (IJF) yeni reytinq cədvəlini elan edib. Apasport.az saytının xəbərinə görə, əvvəlki cədvəllə müqayisədə demək olar ki, idmançılarımızın çoxunda, Elnur Məmmədli (81 kq) istisna olmaqla, hətta London Olimpiadasına əsas iddialı olanların mövqeyində belə geriləmə müşahidə olunub.

60 kq çəki dərəcəsində çıxış edən və London Olimpiadasına iddialılardın biri olan İlqar Müşkiyev aktivindəki 659 xalla bir pillə geriləməklə 9-cu yerə düşüb. Cüdoçumuz hazırda fransalı Sofian Miludan 13 xal geri qalsa da, ən yaxın izləyicisi olan monqolustanlı Tumurxulueq Davaadorjanı 89 xal geridə qoyur.

London Olimpiadasında iştirak etmək şansı böyük olan və 66 kq-da çıxış edən Tərlan Kərimov 13-cü pillədəki yerini qoruya bilib. Aktivində 616 xalı olan Tərlan koreyalı Jo-Jin Kimdən 14 xal geridə qalsa da, ən yaxın təqibçisi olan Fransa təmsilçisi David Larosdan 12 xal çox toplayıb.

73 kq çəki dərəcəsində tatamiyə çıxan Renat Mirzəliyevin London Olimpidasına getmək şansı yoxdu. Çünki o, hazırda 120 xalla 62-ci pillədə qərar tutub. Əvəzində İngiltərəyə gedəcəyi demək olar dəqiqləşən Elnur Məmmədli (81 kq) 944 xalla əvvəlki kimi, yenə də 4-cü pillədə qərar tutub. 5-ci olan ABŞ təmsilçisi Trevis Stivendən 90 xal artıq toplayan olimpiya çempionumuz yaponiyalı Takaxiro Hakaidən isə 56 xal az toplayıb. Elnurla eyni çəkidə mübarizə aparan Elxan Rəcəbli isə 2 pillə geriləyib. Aktivində 448 xalı olan Elxan hazırda 21-ci pillədədi.

Təəssüf ki, Elnur Məmmədli kimi Londona bileti özünə təmin etmiş Elxan Məmmədovun (90 kq) da mövqeyində geriləmə var. Belə ki, aktivində 936 xalı olan və iki ay öncə 4-cü pillədə qərarlaşan Elxan indi 7-cidi. Qeyd edək ki, cədvəldə özündən sonrakı yerdə qərar tutan braziliyalı Xuqo Pesanyanı 116 xal geri qoyan Elxan özündən əvvəl gələn özbəkistanlı Dilşod Çoriyevdən 6 xal geridə qalır.

Əvvəlcədən London Olimpiadasına lisenziya qazanmaq şansı az olan Elmar Qasımov (100 kq) vəziyyətini daha da pisləşdirib. Çıxış etdiyi beynəlxalq turnirlərdə etimadı doğrulda bilməyən və hər dəfə də mevqeyində geriləmə müşahidə olunan Elmar indi 304 xalla 34-cü yerə düşüb və lisenziya qazanmaq şansını daha da çətinləşdirib. +100 kq çəki dərəcəsində mübarizə aparan və ümumiyyətlə, Londona getmək şansı sıfır olan Emil Tahirov isə 82 xalla 67-ci pillədə qərarlaşıb.

Qadınlara gəlincə, Londona əsas iddialı olanlarımızdan Kifayət Qasımova (57 kq) 568 xalla əvvəlki kimi 12-ci pillədə qərarlaşıb. Qeyd edək ki, özündən sonra gələn yunanıstanlı Loliett Bukovaldan cəmi 1 xal artıq toplayan Kifayət ABŞ təmsilçisi Marti Malloydan 64 xal geridi.

Digər zərifimiz - Ramilə Usubova (63 kq) əvvəlki mövqeyində qalıb. Aktivində 468 xalı olan Ramilə 16-cı yerdə qərar tutub. Koreyalı Da-Vonq Jonqu 16 xal qabaqlayan Ramilə xorvatiyalı Mariann Miskoviçdən 22 xal geridədi.

Xatırladaq ki, reqlamentə görə, kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 14 yeri tutan cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaq.