13:36 26-11-2011
news_image
2053
STOLÜSTÜ OYUNLAR

“Heç olmasa, 1 qol vursunlar...”

Azərbaycan şahmat yığmasının üzvü, beynəlxalq qrossmeyster Şəhriyar Məmmədyarovun apasport.az saytına müsahibəsi

- Futbolla aranız necədir: Heç həmyaşıdlarınızla yığılıb, öz aranızda oynayırsınızmı?
- Futbolla uşaq yaşlarımdan maraqlanıram. Ümumiyyətlə, futbolla maraqlanmayan insan tapmaq mümkün deyil. Çalışaram ki, imkan tapdıqca idman xəbərlərini izləyim və bu yolla həm oyunlar, həm də baş vermiş dəyişikliklər haqda müəyyən məlumatlar əldə edim.

- Premyer Liqanı izləyə bilirsinizmi?
- Daxili çempionat çərçivəsində keçirilən çox az oyun izləyirəm. Əksinə, sual versəydiniz ki, Avropa çempionatlarını izləyirsənmi, onda müsbət cavab verərdim. Bu da səbəbsiz deyil. Demək olar, yarışlarla əlaqədar ilin yarısını Avropa ölkələrində keçirirəm. Ona görə də Avropa ölkələrinin çempionat oyunlarını daha çox izləyirəm. Burda olan vaxt isə ölkə çempionatında fasilə olur. Daha çox klublarımızın qitə miqyaslı oyunlarına baxıram.

- Azarkeşlik etdiyiniz komanda varmı?
- Ad çəkməkdə çətinlik çəkirəm. Bu ildən “Sumqayıt Şəhər” Premyer Liqada çıxış edir. İstərdim ki, Sumqayıtı təmsil edən bu komanda özünü yaxşı tərəfdən göstərsin, mükafatçılar sırasında yer alsın, mən də onlara azarkeşlik edim. Digər klublarımızı bir-birindən ayırmaq istəmirəm. Mənim üçün ən önəmlisi ölkəmizi avrokuboklarda təmsil edən klubumuza azarkeşlik etməkdir. Onlar nə qədər uğurlu çıxış etsələr, ölkəmizi daha yaxşı tanıtmış olacaqlar. Bu da bizim başucalığımızdır.

- Sumqayıtda doğulduğunuza görə, bu şəhəri təmsil edən “Sumqayıt Şəhər”ə azarkeşlik edirsiniz?
- Bu ildən başlamışam bu komandaya dəstək verməyə. Sumqayıtda hər zaman güclü komandalar olub. Yadımdadır, əvvəllər “Xəzər” komandası var idi. Heyətində kifayət qədər yaxşı futbolçular cəmləşmişdi və onlar Azərbaycan çempionatında yaxşı çıxış edirdilər. “Sumqayıt Şəhər” isə yeni yaranıb. Çox sevinirəm ki, ölkənin sayca üçüncü ən böyük şəhərinin də futbol komandası yaradıldı. Düzdür, bu il bir qədər çətin olacaq. Ancaq qarşıdakı illərdə uğurlu nəticələr qazanacaqlarına inanıram.

- Milli komandamızın oyunlarını necə, izləmək imkanınız olurmu?
- Yığmanın oyunlarını imkan tapan kimi stadiondan izləyirəm. Hətta ayağım millimiz üçün düşərli oldu. Çünki izlədiyim matçda komandamız Finlandiya üzərində qələbə qazandı. Əlbəttə, istərdim ki, komandamız uğurlu çıxış etsin, biz də sevinək. Avropada futbol haqda söhbət düşərkən Azərbaycan futbolundan fəxrlə danışaq. Ancaq hələ ki, bacardığımız bu qədərdir. Gələcəkdə hansısa dəyişikliklərin olacağına, futbolçularımızın daha yaxşı oynayacaqlarına ümid edirik.

- Avropada olduğunuz vaxt yığma komandamızın hansısa oyununu izləmək fürsəti yaxalamısınız?
- Açığı, belə imkanı cəmi bir dəfə yaxalamışam, onda da istifadə edə bilməmişəm. Bu ilin fevralında Dubayda yığmamız yoldaşlıq oyunu keçirən zaman orda idim. Çox təəssüf ki, imkan tapıb stadiona gedə bilmədim. Ancaq burda olanda çalışıram yığmamızı tək buraxmayım. Stadiona gedirəm, istəyirəm ki, heç olmasa bir qol vursunlar, biz də sevinək.