11:16 26-11-2011
news_image

Vıstropova növbəti mərhələyə vəsiqə qazandı

Rusiyanın Surqut şəhərində həmyerlimiz Fərman Salmanovun xatirəsinə həsr olunmuş Neft Ölkələrinin Dünya Kuboku turniri start götürüb. Apasport.az saytının məlumatına görə, yarışın ilk günündə rinqə çıxan Azərbaycan boksçularının nəticələri uğurlu olmayıb.

Təmsilçilərimizdən yalnız qadınların turnirində mübarizə aparan Yelena Vıstropova (75 kq) növbəti mərhələyə vəsiqə qazanıb. Milli komandamızın üzvü ABŞ-ı təmsil eədn Daniel Heminqueyə 7:4 hesabı ilə qalib gəlib.

Kişi boksçulardan ilk olaraq Nurlan Məmmədov (60 kq) rinqə çıxıb. O, Rusiya yığmasının üzvü Maksim Dadaşovla döyüşün 1-ci raundunda öndə olsa da, qələbəni sonadək qoruyub saxlaya bilməyib. Nəticədə, həmyerlimizin 9:18 hesablı məğlubiyyəti qeydə alınıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Mehdi Mehdiyev də rinqi məğlub tərk edib. O, Rusiyanın Yuqra bölgəsini təmsil edən Ruslan Korkmasova 3:16 hesabı ilə uduzub.

Komandamızın ən təcrübəli üzvlərindən biri Romal Amanov Surqutda 69 kq çəki dərəcəsində debüt edib. Ancaq dünya çempionatının mükafatçısı amerikalı Errol Spensə 5:25 hesabı ilə uduzub. London Olimpiadasına lisenziya qazanan Soltan Migitinov da ilk döyüşdəcə mübarizəni dayandırıb. Millimizin üzvü qazaxıstanlı Erik Aljanova 4 xal fərqlə məğlub olub – 7:11.