11:30 28-11-2011
news_image
1480
DÖYÜŞ NÖVLƏRİ

Güləş Federasiyası 1 milyon dollarlıq təklifə münasibət bildirdi

“Azərbaycan yığmasından 1 milyon dollarlıq təklif aldım. Amma bu təklifi qəbul etməyəcəyimi onlara açıqladım”. Apasport.az saytının məlumatına görə, bunu yunan-Roma güləşi üzrə Türkiyə milli komandasının üzvü Rza Kayaalp (120 kq) deyib.

O, Türkiyə mətbuatına verdiyi açıqlamasında bildirib ki, Salih Bora, Şaban Donat və Muttalip Yerlikayanın çalışdırdığı Azərbaycan milli komandası ağır çəkili idmançının xidmətində maraqlıdır. Lakin 22 yaşlı pəhləvan bunun mümkün olmayacağını deyib: “Mənim üçün pul əhəmiyyətli deyil, əsas öz bayrağımız və bu bayraq altında çıxış etməkdir. Çünki Türkiyə adından bir çox titullar qazanmışam. Böyüklər arasında Avropa və dünya çempionu olmuşam. Bu uğuru Olimpiadada tamamlamaq istəyirəm. Sonra isə Həmzə Yerlikaya və Şərəf Eroğlunun rekordlarını qırmağı planlaşdırıram”.

Kayaalpın sözlərinə görə, hələ Bora Azərbaycan yığmasına getməmişdən də ona belə təklif gəlib: “Hazırda Azərbaycan yığmasını Bora və onun komandası çalışdırır. Mən onlarla birgə Türkiyə millisində işləmişəm. Bora oraya getməmişdən də azərbaycanlılar məni çağırırdılar”.

Lakin Kayaalpın bu iddiası Azərbaycan Güləş Federasiyası tərəfindən rədd edilib. Qurumun yaydığı rəsmi açıqlamada bildirilir ki, Türkiyə mətbuatında həqiqətə uyğun olmayan və heç bir faktiki əsası olmayan xəbər yayılıb.

Federasiyasının baş katibi Əjdər Cəfərov isə deyib ki, Azərbaycan milli komandasında hazırda 120 kq çəki dərəcəsində bir neçə idmançı var: “Yunan-Roma güləşi üzrə 120 kq çəki dərəcəsində mübarizə aparan türk güləşçi Rza Kayaalpa Azərbaycan Güləş Federasiyası tərəfindən 1 milyon dollarlıq təklif edilməsi barədə mətbuatda yayılan xəbərlər tamamilə yanlışdır və heç bir əsası yoxdur. Yığma komandamızda ölkəmizi 120 kq-da təmsil edən bir neçə idmançı var və hal-hazırda nə Rza Kayaalpa, nə də başqa bir idmançını transfer etmək fikrimiz yoxdur”.