12:06 28-11-2011
news_image

Məhəmmədrəsul Məcidov: Mükafatı məhz Londonda almaq simvolik hadisədir

Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AİBA) 2011-ci ilin ən yaxşı boksçularını mükafatlandırıb. Apasport.az saytının məlumatına görə, başa çatmaqda olan ilin ən yaxşı dəri əlcək ustası seçilən milli komandamızın üzvü Məhəmmədrəsul Məcidov (+91 kq) mükafatına Londonda qovuşub.

Belə ki, mərasim 2012-ci ildə Yay Olimpiya Oyunlarına ev sahibliyi edəcək Londonun mərkəzindəki “Crowne Plaza” otelində keçirilib. Tədbirdə AİBA prezidenti Çinq-Kuo Vu, London-2012-nin Təşkilat Komitəsinin üzvləri və bir sıra milli federasiyaların nümayəndələri iştirak ediblər.

Bakıda keçirilən son dünya çempionatını qalibi və superağır çəki dərəcəsində WSB liqasının fərdi yarışlarında 2-ci nəticə göstərən Məcidov mükafatını aldığı zaman heyrətini gizlədə bilməyib: “Bu mükafatı almaq mənim üçün böyük şərəfdir. Ancaq mən eyni zamanda, bu mükafatı almaqla, üzərimə böyük məsuliyyətin düşdüyünü hiss edirəm. Mənə bəslənilən ümidləri doğrultmaq lazımdır. Özü də mükafatı məhz Londonda almaq simvolik hadisədir. Növbəti yay burada keçiriləcək Olimpiadada böyük uğur qazanmaq arzumdur”.

Digər nominasiyalar üzrə fərqlənənlər:

İlin ən yaxşı gənc boksçusu: Əsror Vahidov (Tacikistan)
İlin ən yaxşı məşqçisi: Dmitri Sosnovski (Ukrayna)
İlin ən yaxşı hakimi: Maykl Qallaher (İrlandiya)

Qeyd edək ki, ötən il “ən yaxşı gənc boksçu” nominasiyasında həmyerlimiz Şaban Şahpələngov fərqlənib.