00:01 01-12-2011
news_image

Bakı-London-Paris

Azərbaycan taekvondoçuları 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirində çıxış edəcəklər. Apasport.az saytının məlumatına görə, Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi ilə Londona yola düşəcək heyətə koreyalı mütəxəssis, məşqçi Con Conqbay, idmançılardan Elvin Məmmədov (68 kq) və Ramin Əzizov (80 kq) daxil edilib.

Dekabrın 3-4-də keçiriləcək sınaq yarışının ardından taekvondoçularımız dekabrın 8-də Parisin açıq çempionatına (“Paris Open”) yollanacaq. Bu yarışda komandamızı Fariz Əliyev, Elvin Məmmədov ( hər ikisi 68 kq), London Olimpiadasına lisenziyanı təmin edən Ramin Əzizov (80 kq) və Təvəkkül Bayramov (+80 kq) təmsil edəcəklər.

Hazırda Cənubi Koreyanın Seul şəhərində təlim-məşq toplanışında olan qadınlardan ibarət yığmamızdan isə Türkanə Tahirli (49 kq), Günay Ağakişiyeva, Səbinə Mikayılova ( hər ikisi 57 kq) və London Olimpiadasına vəsiqə qazanan Fəridə Əzizova (67 kq) da bu beynəlxalq yarışda qüvvələrini sınayacaqlar. Bu turnirin özəlliyi ondadır ki, döyüşlər olimpiya çəki dərəcələrində keçirilir.

Dekabr 10-11-də yarışa qatılacaq taekvondoçularımız Fransanın paytaxtından vətənə dekabrın 12-də dönəcəklər.