12:19 01-12-2011
news_image
1535
DÖYÜŞ NÖVLƏRİ

“Ötən ilki məğlubiyyəti unutmamışıq” - MÜSAHİBƏ

“Baku Fires” boks komandasının baş məşqçisi Həmzət Ağayev klubun rəsmi saytına müsahibə verib. Apasport.az saytının məlumatına görə, ötən ildən komandanı çalışdıran mütəxəssis arxada qalan turlar barədə fikirlərini açıqlayıb. O, həmçinin dekabrın 2-də “Paris United”lə keçiriləcək görüşdən söhbət açıb, komandanın gücləndirilməsinə ehtiyac olduğunu bildirib.

- “Baku Fires” WSB-nın ilk 2 matçında qələbə qazandı. “Wuxi Dragons” və “İstanbul Bosphorus”la qarşılaşmaları haqqında nə deyə bilərsiniz?
- Qalib gəlmək həmişə xoşdur. Turnirin startında belə arzuolunan nəticə əldə etməyimiz bizi sevindirir. Çinlilərə qalib gəldiyimiz matçda hesab fərqi lap böyük oldu - 5:0. Lakin bu o demək deyil ki, “Wuxi Dragons” zəif komandadır. Bu klubda güclü boksçular var və çox yaxında digər komandalar da buna əmin olacaqlar. İstanbulda keçirilən matça gəldikdə isə səfərdə qələbə qazanmaq elə də asan iş deyil. Buna da nail olduğumuza şadam. Komandaya yeni cəlb etdiyimiz boksçular bizi sevindirsələr də, heyətimizin tərkibi yenə də tamamlanmamış olaraq qalır.

- İlk növbədə hansı çəki dərəcələrin gücləndirilməsinə ehtiyac var?
- Ağır çəkilər – 85 kq-a qədər və 91 kq-dan yuxarı. Gərək bu dərəcələrin hər birində heç olmasa bir boksçu götürək, yoxsa boksçulardan kimsə zədə alsa, ehtiyat idmançımız olmayacaq.

- “Baku Fires”ın boksçularından kimi ilk 2 matçın nəticələrinə görə fərqləndirmək olar?
- Texniki nokautla qələbə qazanan Qairbek Qermaxanovun adını xüsusilə vurğulamaq istərdim. Azamat Murtuzəliyevi də qeyd etmək lazımdır. Türkiyədəki matça qədər o, xəstə idi və qələbə qazanacağına elə də inamımız yox idi. Lakin Azamat şücaət nümayiş etdirdi və qələbəyə nail ola bildi.

- Ötən mövsümdə uduzduğunuz “Paris United” ilə matçda revanş şanslarınızı necə qiymətləndirirsiniz?
- Ötənilki məğlubiyyətimizi unutmamışıq. Düşünürəm ki, fransızlar da həmin qarşıdurmanı xatırlayırlar. Onlar qələbəni təsadüfən qazanmadıqlarını sübuta yetirməyə səy göstərəcəklər. Lakin biz isə əksinə, dünyaya onlardan güclü olduğumuzu nümayiş etdirmək niyyətindəyik. Hər 2 komanda xüsusi döyüş əhval-ruhiyyəsində olacaq.

- 2012-ci ildə Londonda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya qazanan Məhəmmədrəsul Məcidov və Soltan Migitinovun adları “Baku Fires”ın heyətinə daxil edilsə də, onlar hələ çıxış etmirlər. Bu boksçuların WSB rinqinə nə vaxt çıxacaqları gözlənilir?
-Düşünürəm ki, yeni ildən sonra bu baş tutacaq. İndi bu boksçular Olimpiadanın iştirakçıları kimi, xüsusi proqram üzrə hazırlıq keçirlər. Soltan Surqutda keçirilən turnirdə iştirak etdi, Maqomedrəsula isə istirahət verildi. O, məlum olduğu kimi, dünyanən ən güclü boksçusu hesab olunur, bununla əlaqədar olaraq da Məhəmmədrəsulu müxtəlif beynəlxalq tədbirlərə dəvət edirlər. Lakin yanvardan etibarən onların hər ikisini komandamızda görməyə ümid edirik.