21:41 02-12-2011
news_image
1178
DÖYÜŞ NÖVLƏRİ

Karyerasını bitirən məşhur taekvondoçumuz vəzifəyə qoyuldu

Azərbaycanın aparıcı taekvondoçularından olan Rəşad Əhmədov karyerasını başa vurduğunu rəsmən bəyan edib. 29 yaşlı idmançı bu barədə ilk açıqlamanı Lent.az-a verib.

O, çox yorulmasını və taekvondoçuların elektron jiletə keçmələrindən sonra istədiyi kimi döyüşə bilməməsini səbəb göstərib: “Hər bir idmançı kimi mənim də arzum olimpiya medalı qazanmaq idi. Amma alınmadı. Nə etmək olar? Bu, qismətdir”.

Əhmədov qərarını Azərbaycan Taekvondo Federasiyasının rəhbərliyinə də çatdırıb. Federasiyadan ona və daha bir sabiq taekvondoçu Fəqan Umudova yeni vəzifə verilib. Əhmədov və Umudov bu idman növünün mövcud olduğu bölgələrimizə kurator təyin ediliblər. Onlar vəzifələrinin icrasına 2012-ci ilin yanvarından başlayacaqlar.

Qeyd edək ki, Rəşad Əhmədov idmançı karyerası ərzində 80 kq çəki dərəcəsində yarışıb. O, 2004-cü il Afina və 2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edib. Lakin Əhmədov hər iki nüfuzlu yarışda medalın bir addımlığında dayanıb. Bununla yanaşı, o, Avropa çempionatlarında gümüş, dünya çempionatlarında isə bürünc medal qazanıb.