12:23 05-12-2011
news_image
1171
DÖYÜŞ NÖVLƏRİ

Elxan Məmmədov mövqeyinə qayıtdı

Beynəlxalq Cüdo Federasiyası dekabr üçün reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, London-2012-yə lisenziya qazanacaq idmançıların adlarının açıqlanmasına 5 ay qalmış tərtib edilən siyahıda ciddi dəyişikliklər olmayıb.

Belə ki, milli komandamızın üzvlərindən dördü - Tərlan Kərimov (66 kq), Elnur Məmmədli (81 kq), Elmar Qasımov (100 kq) və Kifayət Qasımova (57 kq) mövqelərini qoruyublar. Onlar ötən ay olduğu kimi, müvafiq olaraq, yenə də 13-cü, 4-cü, 34-cü və 12-ci yerdədirlər.

Ötən ay geriləyən Elxan Məmmədov (90 kq) bu dəfə irəliləyişə nail olub. 1 pillə qabağa gedən həmyerlimiz 926 reytinq xalı ilə 6-cı pilləyə qalxıb. Ramilə Yusubova da (63 kq) müəyyən müddətdən sonra “sükutu pozub”. London-2012-yə lisenziyanı böyük ölçüdə qazanmış cüdoçumuz 2 rəqibini də arxada qoyaraq, 14-cü yerə yüksəlib.

Komanda yoldaşlarından fərqli, İlqar Müşkiyev (60 kq) və Elxan Rəcəblinin (81 kq) mövqeyində geriləmə olub. Hazırda 1 pillə aşağı düşən Müşkiyev 10-cü, Rəcəbli isə 23-cüdür.

Reqlamentə görə, kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaq.