17:51 05-12-2011
news_image

Ramin Əzizov Londonda ilk gedişini etdi - FOTO

Azərbaycan taekvondoçuları 2012-ci il London Yay Olimpiya Oyunları öncəsi test turnirində uğurla çıxış ediblər. Taekvondo Federasiyasından apasport.az saytına verilən məlumata görə, yarışda London Olimpiadasına vəsiqə qazanan Ramin Əzizov (80 kq) Böyük Britaniyada öz gücünü göstərməyi bacarıb.

O, ilk olaraq Fillip Jae Duk Yun (ABŞ) üzərində 13:6 hesabı ilə qələbə qazanıb. Daha sonra Alberto Selestrini (Almaniya) 8:3 hesabı ilə məğlubiyyətə uğradan həmyerlimiz yarımfinalda güclü koreyalı Li Sanq-Bindən üstün olub – 6:3. Yalnız aldığı zədə taekvondoçumuzun Böyük Britaniya təmsilçisi Aaron Kukla final görüşü keçirməsinə mane olub. Bununla belə, Ramin Əzizov (80 kq) mötəbər turnirin gümüş medalını qazanıb.

Digər taekvondoçumuz Elvin Məmmədov (68 kq) isə ilk görüşdə Filip Qrqiçi mübarizədən kənarlaşdırsa da (7:2), ikinci döyüşündə Amine Manai ilə bacarmayıb – 8:10.

Qeyd edək ki, Azərbaycan Taekvondo Federasiyasının I vitse-prezidenti Füzuli Musayevin rəhbərliyi ilə Londona yola düşən heyətə koreyalı mütəxəssis, məşqçi Con Conqbay, idmançılardan Elvin Məmmədov və Ramin Əzizov daxil edilmişdi.