19:41 11-12-2011
news_image
1268
DÖYÜŞ NÖVLƏRİ

6 boksçumuz finalda

Şağan Olimpiya İdman Kompleksində Abbas Ağalarovun xatirəsinə həsr olunmuş boks yarışında finalçıların adları məlum olub. Apasport.az saytının məlumatına görə, gənclər arasında keçirilən turnirin final görüşlərində milli komandamızın 6 üzvü də mübarizə aparacaq.

Bu il “Böyük İpək Yolu” turnirində qalib gəlmiş Tural Əhmədov (52 kq) yarımfinalda komanda yoldaşı Qoşqar Səfərlini 20:12 hesabı ilə məğlub edib. Əhmədov həlledici görüşdə Rusiya nümayəndəsi Bəxtovar Nazirovla qarşılaşacaq. 2011-ci ildə İrlandiyada keçirilmiş gənclər arasında Avropa birinciliyinin qalibi olmuş Pərviz Bağırov da (64 kq) finalda yerini təmin edib. Yarımfinalda özbəkistanlı Ənvər Turabovu 10:7 hesabı ilə üstələyən boksçumuz qızıl medal uğrunda döyüşdə rusiyalı Sergey Soblinskiylə üz-üzə gələcək. Nəsrəddin Məmmədov (56 kq), Saqi Salehli (69 kq), Hacıbaba Hacıbabayev (91 kq) və Sadiq Səmədov da (91+kq) finaıla vəsiqə qazanıblar. 75 kq çəki dərəcəsində mübarizə aparan yeniyetmələr arasında dünya birinciliyinin gümüş mükafatçısı Orxan Mayıllı və yeniyetmələr arasında Avropa birinciliyinin bürünc medalçısı Rahil Məmmədli yarımfinalda uduzaraq, 3-cü yerlə kifayətləniblər. Azərbaycandan sonra finalda ən çox təmsilçisi olan Rusiya və Ukraynadır. Bu ölkələrin hərəsinin 4 boksçusu həlledici görüşə vəsiqə əldə ediblər. Qazaxıstanın 3 boksçusu qızıl medal uğrunda döyüşəcək. Turnirə dekabrın 11-də yekun vurulacaq.