00:24 14-12-2011
news_image
2398
DÖYÜŞ NÖVLƏRİ

“Yəqin ki, ona belə yaşamaq xoşdur” - MÜSAHİBƏ

Şəmkir Olimpiya Kompleksinin direktoru, Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı olan cüdoçu Mövlud Mirəliyevin apasport.az saytına müsahibəsi

- Karyeranızı bitirdikdən sonra milli komandanın məşqçilər korpusunda yer alacağınız gündəmə gəlmişdi. Həmin məsələ nə yerdə qalıb?
- Hazırda Şəmkirdəyəm. Bölgədə çalışıram və işimiz çoxdur. Mən demişdim ki, millidə işləyə bilərəm. Təbii, ehtiyac olarsa, milliyə hər zaman dəstək verməyə hazıram. Biz onsuz da cüdo sahəsində işləyirik, Azərbaycana yeni-yeni istedadlar bəxş etməyə çalışırıq.

- Uzun müddət cüdo ilə məşğul olmusuz. Kompleksdə hazırda bu idman növünə böyük diqqət ayırdığınızı demək olarmı?
- Cüdo Şəmkirdə yeni idman növü sayılır. Burada əvvəllər cüdo olmayıb. Hazırda 2 qrup var. Biz yerli insanlara cüdonu tanıtmaqla məşğuluq. Rayonda mütəxəssis yoxdur.

- Şəmkirin futbol klubu I divizionda təmsil olunur. Bu komandaya nəsə bağlılığınız varmı?
- Olimpiya Kompleksinin stadionunu onların ixtiyarına vermişik. Onların məşq etməsi üçün şərait yaratmışıq. Bu cür köməyim dəyir.

- Komandanın elitada oynamasını arzulayırsınızmı? Yoxsa kiçik büdcə qarşılığında I divizionda oynayıb, “Şəmkir”in adını təmsil etməsi yetərlidir?
- Əlbəttə ki, komandanın Premyer Liqada oynamasını istərdim. Amma bu mənim üzərimə düşən məsələ deyil. Bu onların özündən asılıdır. Bildiyimə görə, onların turnir cədvəlindəki mövqeyi də pis deyil.

- Hazırda Azərbaycan cüdosunun vəziyyəti ilə yaxından maraqlana bilirsinizmi?
- Əlbəttə. Maraqlanıram, baxıram. Mən həyatımın böyük hissəsini idmana həsr etmişəm.

- Hazırda bütün yarışlar London olimpiadası üçün hesablanıb. Bəzi idmançılarımız Londona lisenziyanı de-fakto təmsil etsə də, qarşıda hələ də yarışlarımız var. Necə fikirləşirsiniz, Azərbaycan olimpiadada neçə cüdoçu ilə təmsil oluna bilər?
- Məncə, Azərbaycanı 2 qadın, 4 kişi olmaqla 6 cüdoçu Londonda təmsil etməldir. Yəqin ki, bilirsiniz ki, onların kifayət qədər xalları var. Amma oturub gözləməməlidirlər. Qarşıda hələ 4-5 yarışımız var. Həmin turnirlərdə uğur qazanmaq yolu ilə xalları artırmaq olar.

- Cüdo yığmasına baxanda görürük ki, ağır çəkilərdə problemlərimiz var. Elmar Qasımov gənclər arasında yaxşı təsir bağışlasa da, böyüklərdə nəticəsi yoxdur. Onun Londona yollanmaq şansı azdır...
- Elmar məsələsinə bir neçə prizmadan yanaşmaq lazımdır. Qasımovda boy-buxun, güc var. Bir az başını işlətməlidir. Onun nə fikirləşdiyini bilmirəm. Amma olimpiadaya gedib, nəticə əldə etmək onun üçün böyük şansdır. Elmar bu şansı buraxmamalıdır. Vacib məsələni dərk etməlidir. Bilmirəm, məşqlərə ciddi yanaşmır, nədir? Onda bir şey var ki, bir qədər çox yükləyən kimi, deyir filan yerim ağrıyar. Əziyyətlərə qatlanmır. Bir şeyi də nəzərə almaq lazımdır ki, yeniyetmələr, gənclər arasında mübarizə aparmaqla, böyüklərdə güləşməyin fərqi çox böyükdür. Yük 3 qatdır. Elmar bunu üzərinə götürə bilmir.

- Bu faktdır ki, Azərbaycanda ağır çəkili idmançılar azdır. Bəlkə, rəqabət olmadığı üçün “ağır oğlanlar” arxayındırlar. Bu məsələyə necə şərh verə bilərsiniz?
- Axtarsan, 2-3 ağır çəkili cüdoçumuz var. Bilirsiniz, hər şey insanın özündən asılıdır. O vaxt mənim də rəqibim yox idi. Buna baxmayaraq, savaşdım. Cavanlardan geri qaldım. Nəticə əldə etmək lazım idi. Şans yarandı, bundan maksimum yararlandım.

- Sizin də medal qazandığınız olimpiadadan sonra Elnur Məmmədli haqqında çox danışıldı. Londona getmək vəzifəsinin öhdəsindən demək olar ki, gələn Məmmədli ikinci dəfə olimpiya çempionu ola bilərmi?
- Necə deyim? Əslində, Elnur Məmmədli böyük döyüşçüdür. O döşəyə çıxanda, güləşmir, döyüşür. Onda xarakter var. Elnurun həyatda necə addımlar atmasını özü bilər. Yəqin ki, ona belə yaşamaq xoşdur. Amma güləşməyi öz yerindədir. Reytinqə baxanda ilk “üçlük”də qərarlaşıb. Elnurdan hər şey gözləmək olar. Elnuru çox yarışa aparmaq olmaz. Əgər mövsümdə 5 yarış varsa, Elnuru bunun 3-dən azad eləmək lazımdır. O, dünya və Avropa çempionatlarının, olimpiya oyunlarının qənimidir.

- Elnur Məmmədli 2008-ci ildə 73 kq çəki dərəcəsində çempion oldu. Amma bu dəfə 81 kq-da mübarizə aparacaq. Çəki dəyişmək ona problem yarada bilərmi?
- Düzdür. Dünya Elnuru 73 kq-dakı döyüşlərinə görə tanıyır. Bir şeyi də unutmaq olmaz ki, Elnur həm 81, həm də 90 kq-da nəticələr verib. Əgər güləşə bilirsə, bir növ çəkinin fərqi qalmır. Əsas məsələ odur ki, qarşındakı səninlə eyni çəkidə olsun. Çəki dəyişəndə texnika, taktika yerində qalır. Sadəcə, yuxarı doğru getdikcə, gücünü və dözümlüyünü artırmalısan. Çəki artıb dözümlük azalanda, insanda kökəlmə gedir.

- London olimpiadasına konkret olaraq, 6 idmançımızın gedə biləcəyinə işarə vurdunuz. Siz onlardan neçə medal gözləyirsiniz?
- Sözsüz ki, təmsilçimiz nə qədər çox olsa, bir o qədər yaxşıdır. Azərbaycan cüdoçuları 1 qızıl olmaqla, 2 medal gətirməlidirlər. Bu, minimum həddir.