15:14 15-12-2011
news_image

Boksçularımız yarımfinalda büdrədilər

Rusiyanın paytaxtı Moskvada boks üzrə tələbələr arasında Avropa çempionatının finalçıları məlum olub. Apasport.az saytının məlumatına görə, yarımfinal mərhələsinin döyüşləri Azərbaycan idmançıları üçün uğursuz olub.

Belə ki, rinqə çıxan 5 boksçumuzun hamısı məğlubiyyətlə üzləşib. Ancaq Şaban Şahpələngovla (56 kq), Rauf Rəhimovun məğlubiyyətində hakimlərin də “rolu” olub. 2010-cu ilin gənclər arasında dünya çempionu Şahpələngovun ukraynalı Dmitri Rudenkoyla görüşü 11:11 hesabı ilə başa çatsa da, hakimlər qələbəni rəqibə veriblər. Boksçumuz bürünc medal uğrunda görüşdə fransalı Nurəddin Ait İhya ilə qarşılaşacaq.

Rauf Rəhimov (81 kq) da eyni aqibətlə üzləşib. Bu il gənclər arasında Avropa çempionu olan boksçumuzun Rusiya təmsilçisi Tahir Pirdamovla qarşılaşması 9:9 hesabı ilə başa çatıb. Ancaq hakimlər qələbəni yerli idmançıya veriblər. Rəhimov bürünc medal qazanmaq üçün Ukrayna təmsilçisi Ənvər Tuxtarovu məğlub etməlidir.

52 kq çəki dərəcəsində yarışan Kamran Məlikov yarımfinalda Ukrayna boksçusu Denis Yaşuka 12:16 hesabı ilə məğlub olub. O, 3-cü yer uğrunda görüşdə Moldova nümayəndəsi Dmitri Suxodolski ilə üz-üzə gələcək.

Elnur Zeynalov (64 kq) da finala vəsiqə qazana bilməyib. Həmyerlimiz yarımfinalda rusiyalı Ruslan Urixə 10:18 hesabı ilə uduzub. Boksçumuzun bürünc medal uğrunda rəqibi Moldova idmançısı Violin Berzoy olacaq.
Superağır çəki dərəcəsində mübarizə aparan Fərid Paşayev isə yarımfinalda yunanıstanlı Yevgenios Lazaridisə 8:13 hesabıyla uduzub. O, dekabrın 15-də rusiyalı Stepan Vinnikovu məğlub edə bilsə, 3-cü yerin sahibi olacaq.

Qeyd edək ki, əsasnaməyə görə, yarımfinalda uduzan boksçulara birbaşa bürünc medal verilmir. Onlar 3-cü yer tutmaq üçün əlavə görüş keçirməli olurlar.