23:46 16-12-2011
news_image
930
DİGƏR NÖVLƏR

“Ümid edirəm ki, ili major notlarla bitirə biləcəyik”

Bu gün “Sərhədçi” Olimpiya idman mərkəzində Ümumdünya Boks Seriyasının (WSB) 5-ci turunun Baku Fires (Azərbaycan) və Mexico City Guerreros (Meksika) komandaları arasında keçiriləcək sabahkı matçına həsr olunmuş çəki mərasimi və mətbuat konfransı keçirilib. Apasport.az saytının xəbərinə görə, öncə WSB-nin supervayzeri Adam Kusior giriş nitqi ilə çıxış edib: “Artıq ikinci dəfədir ki burdayam. Leipzig Leopards-la ötən döyüş zamanı Bakıda idim. Meksika komandası ilə üçüncü dəfə qarşılaşıram. Düşünürəm sabah bizi yaxşı döyüşlər gözləyir”.

Sonra çəki mərasimi başladı. Mərasimdə Mexico City Guerreros-un iki boksçusu - meksikalı Aaron Alameda və ekvadorlu Xorxe Kuinonyes iştirak edə bilməyiblər. Viza ilə əlaqədar onlar Bakıya sabah səhər gələcəklər.

Çəki mərasimdən sonra Baku Fires-ın baş meneceri Rizvan Gənciyev, komandamızın baş məşqçisi Həmzət Ağayev, Mexico City Guerreros-un baş meneceri Mariana Kabalyero və qonaqların məşqçisi Gilyermo Bekerrilin iştirakı ilə mətbuat konfransı baş tutub.

“Fürsətdən istifadə edərək Azərbaycan Boks Federasiyasının prezidenti, bizim rəhbərimiz, fövqəladə hallar naziri Kəmaləddin Heydərovu FHN işçilərinin peşə bayramı münasibətilə təbrik edirəm”, - deyə, Rizvan Gənciyev bəyan edib: “Bizi ağır qarşılaşma gözləyir. Ümid edirəm, beşinci qələbəni qazana və ili major notlarla bitirə biləcəyik.

Məlum olduğu kimi, WSB-də “transfer pəncərəsi” dekabrın 20-də açılır. Güclənməyi planlaşdırırıq. Azərbaycan çempionatının döyüşlərini izləyəcək, boksçuları nəzərdən keçirəcəyik. Xarici boksçularla da danışıqlar aparılır, lakin hələlik konkret adlar çəkməyəcəyəm”.

“Artıq baş menecerimizin dediyi bayramla əlaqədar sabah inamlı və gözəl qələbə qazanacağımıza ümid edirik, - Həmzət Ağayev deyir. – Sabah hesab necə olacaq? Boksçularımızın gözlərinə baxın. Bu gözlərdə hansı nəticəni görürsünüz?

Meksika komandası ilə döyüşə fəal surətdə hazırlaşmışıq. Onun barəsində çox şeyi bilirik. Onların güclü tərəfi – yüngül çəkilərdir. Mexico City Guerreros möhkəm və yaxşı komandadır. Lakin boksçularımız əla hazırlıqlıdırlar və qalib gəlmək niyyətindədirlər”.

“Baku Fires və Bakı şəhərinə qonaqpərvərliyə görə minnətdarlığımızı bildiririk, - Mariana Kabalyero deyir. – Təəssüf ki, iki boksçumuz hələ gəlməyib. Lakin düşünmürəm ki, gec gəlmələri onlara təsir göstərəcək. Boksçular hazırdırlarsa, o zaman vəziyyətdən asılı olmayaraq qələbə qazanacaqlar”.

“Bəzi problemlərə baxmayaraq, bu matça hazırıq, - deyə, Gilyermo Bekerril qeyd edib. – Qələbəyə ümid edirik”.

Komandaların heyəti aşağıdakı kimidir:

Baku Fires – Mexico City Guerreros

54 kq. Qairbek Qermaxanov (Azərbaycan) – Aaron Alameda (Meksika)

61 kq. Mədadi Naqzibəyov (Tacikistan) – Xurşıd Tocibayev (Özbəkistan)

73 kq. Heybulla Mürsəlov (Azərbaycan) – Uilyam Uilyams (ABŞ)

85 kq. Azamat Murtuzəliyev (Azərbaycan) – Kennedi Katende (İsveç)

+91 kq. Hacı Murtuzəliyev (Azərbaycan) – Xorxe Kuinonyes (Ekvador)

Turnir cədvəli:

1. Baku Fires – 12 xal, döyüşlərin fərqi - 16-4 (4 matç)
2. Leipzig Leopards – 9, 13-7 (4)
3. Mexico City Guerreros – 7, 11-8 (4)
4. Paris United – 4, 5-9 (3)
5. Beijing Dragons – 3, 3-12 (3)
6. Istanbul Bosphorus – 2, 6-14 (4)

Dekabrın 16-da “В” qrupunda daha iki matç baş tutacaq: Istanbul Bosphorus (Türkiyə) – Beijing Dragons (Çin) və Leipzig Leopards (Almaniya) – Paris United (Fransa).