17:07 19-12-2011
news_image
1015
DİGƏR NÖVLƏR

Azərbaycan prezidenti Sumqayıtda Olimpiya İdman Kompleksinin açılışında iştirak edib

Dekabrın 19-da Sumqayıt Olimpiya İdman Kompleksinin açılışı olub. APA-nın məlumatına görə, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak edib.

Dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.

Gənclər və idman naziri Azad Rəhimov prezident və xanımına Sumqayıt Olimpiya İdman Kompleksi haqqında məlumat verib. Bildirilib ki, inşasına 2007-ci ildə başlanılan kompleksin tikintialtı sahəsi 4953, ümumi tikinti işlərinin sahəsi isə 13 min 477 kvadratmetrdir.

Dövlət başçısı və xanımı əvvəlcə kompleksin üçmərtəbəli binasındakı trenajor, ağır atletika zalları, tir otağı və kinozalla tanış olublar. Diqqətə çatdırıldı ki, ümumi sahəsi 2160 kvadratmetr olan 800 yerlik universal idman zalı burada irimiqyaslı beynəlxalq və yerli əhəmiyyətli yarışların keçirilməsinə tam imkan verir. Uzunluğu 47,6, eni isə 23,3 metr olan zalda basketbol, voleybol və digər idman növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb. Buradakı üzgüçülük hovuzunun uzunluğu 25, eni isə 12,5 metrdir. Ən müasir standartlar səviyyəsində yaradılmış bu idman qurğusunda İtaliya istehsalı olan və dünyanın aparıcı ölkələrində istifadə edilən xüsusi nəmalma qurğusu var.

Sonra prezident və xanımı Sumqayıt Olimpiya İdman Kompleksi ərazisində inşa edilmiş üçmərtəbəli mehmanxanada yaradılmış şəraitlə tanış olublar. Bildirilib ki, 42 yerlik mehmanxanada otaqların 17-si iki, 7-si bir çarpayılıqdır. Burada bir lüks otaq da yaradılıb. Mehmanxanada ən müasir standartlar səviyyəsində yeməkxana da fəaliyyət göstərəcək.

Dövlət başçısı və xanımına Azərbaycan olimpiyaçılarının milli geyim formalarını əks etdirən kataloq təqdim olunub.

Daha sonra prezident Əliyev uzunluğu 65, eni isə 40 metr olan süni örtüklü futbol meydançası ilə tanış olub. Bildirilib ki, burada 110 metr uzunluğunda qaçış zolağı, açıq basketbol, voleybol və tennis meydançaları da inşa edilib.

Ərazidə geniş abadlıq işləri görülmüş, yaşıllıq zolağı salınıb.

Komplekslə tanışlıqdan sonra Azərbaycan Prezidenti burada şəhər ictimaiyyətinin nümayəndələri və idmançılarla görüşüb.

Dövlət başçısı ölkədə Olimpiya Hərəkatının inkişafındakı xidmətlərinə, eləcə də müxtəlif idman yarışlarında əldə etdiyi nailiyyətlərə görə bir qrup şəxsə fəxri fərmanlar, yüksək fəxri adların vəsiqələrini və mənzillərin orderlərini təqdim edib.