16:44 20-12-2011
news_image
4302
DİGƏR NÖVLƏR

Könül Nurullayeva: Bakı real iddiaçı şəhərdir!

Bakı-2020-nin icraçı-direktoru Könül Nurullayeva bu gün brifinq keçirib. Apasport.az saytının məlumatına görə, Milli Olimpiya Komitəsinin rəsmisi Olimpiadaya iddiaçı şəhər kimi hazırlıq və bu baxımda görüləcək işlər barədə ətraflı məlumat verib.

- Bakı ikinci dəfə Yay Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Öncə hazırlıqla bağlı hansı məlumatları verə bilərsiniz?
- Əvvəlcə, sizə bu prosedura barədə danışacağam. Belə ki, Azərbaycan tərəfi avqustda Beynəlxalq Olimpiya Komitəsinə (BOK) rəsmi müraciət etdi və həmin ayın 26-da keçirilən BOK-un iclasında rəsmi şəhər kimi namizədliyimiz təsdiqləndi. Bundan sonra qarşımızda duran məsələlərlə bağlı işlərin həyata keçirilməsinə start verilib. Sentyabrın 8-də isə bütün bunları ölkəmizdə rəsmiləşdirmək üçün cənab prezident İlham Əliyevin sərəncamı olub və buna uyğun olaraq Təşkilat Komitəsi yaradılıb. Buna rəhbərlik etmək baş nazirimizin I müavini Yaqub Eyyubova tapşırılıb. İddiaçı şəhər kimi prosedura isə bir neçə mərhələdən ibarətdir. Biz hazırda birinci mərhələdəyik. Bunun üçün müəyyən işlər var ki, onu görməliyik. Həmin işlərdən ən önəmlisi isə sifariş kitabının hazırlanmasıdır. Burada Azərbaycan barədə ətraflı məlumatlar yer almalıdır. Yəni idman və Olimpiada deyil, bütün sahələr üzrə ümumi məlumatlar verilməlidir. Sifariş kitabı 2012-ci il fevralın 15-ə kimi tam hazır olmalıdır. Bundan sonra bunu biz BOK-a göndəririk və burada Dəyərləndirmə Komissiyası kitaba qiymət verəcək. Eyni zamanda, 2 ay müddətinə kitab barədə açıqlama olacaq və burada dəqiqləşəcək ki, bizim ümumi durumumuz nə yerdədir. Apreldə isə BOK-un İcraiyyə Komitəsinin iclasında iddiaçı 6 şəhərdən hansının ikinci mərhələyə keçməsi barədə qərar veriləcək. Daha sonra mayın 20-25-də beynəlxalq idman təşkilatı olan “Sport Akkord”un sessiyasında həmin dövlətlərin adları rəsmən açıqlanacaq. Hazırda əsas məqsəd sifariş kitabını tez bir zamanda yekunlaşdırıb BOK-a göndərməkdir.

- Sifariş kitabı neçə səhifədən ibarət olacaq və hansı tirajla buraxılacaq?
- 97 səhifədən ibarət olacaq və BOK-a 80 nüsxə göndərmək vacibdir. Yəni bu kitab sırf Azərbaycanın təbliği olacaq. Əlbəttə, Olimpiya oyunlarından istifadə edib, dövlətimizin təbliğini də həyata keçirməliyik. Azərbaycanda hazırda idman siyasətinin gücləndirilməsidir, ümumi coğrafi baxımdan ölkəmizin tanıdılması, Olimpiya Hərəkatında fəal iştirakımızı nəzərə alsaq, bu, respublikamız üçün çox əhəmiyyətli prosesdir. İnşallah, ümid edirik ki, nəticəsi də bizim üçün önəmli olacaq.

- 2020-ci ildə Olimpiadaya ev sahibliyi etmək üçün namizədliyi təsdiqlənən Roma (İtaliya), Tokio (Yaponiya), İstanbul (Türkiyə), Madrid (İspaniya) və Doha (Qətər) ilə müqayisədə Bakı hansı üstünlüklərə sahibdir?
- Düzdür, buna bizim hansısa münasibət bildirməyimiz düzgün deyil. Ancaq üstünlüklərimizin çox olduğunu deyə bilərəm. Əlbəttə, müqayisə etsək, onlar bizə rəqib şəhərlərdir. Buna baxmayaraq, bu şəhərlərin hər birinə hörmətlə yanaşırıq. Hamısına uğurlar arzulayırıq. Suala gəldikdə, BOK-un iddiaçı şəhərlər qarşısına qoyduğu şərtlər var ki, şəhər buna cavab verməlidir. Bunlardan biri şəhərin iqtisadiyyatının güclü olmasıdır. Əgər şəhər maliyyə baxımdan bu yarışı keçirmək iqtidarında olmasa, qalib də gələ bilməyəcək. BOK-un Dəyərləndirmə Komissiyası tərəfindən də mənfi xallar alacaq. Bu baxımdan Madrid və Roma iqtisadi böhrandan ziyan çəkiblər. Dohanı qeyd etsək, onların maliyyə baxımından elə bir problemi yoxdur. Amma burada iqlim məsələsi də önəmlidir. BOK-un qoyduğu qaydalarda da bu xüsusi yer tutur. Əgər iqlimdə hansısa çatışmazlıq varsa, bu şəhərin qələbəsi bir qədər çətin olur. Yəni, iddiaçı dövlət sifariş kitabında tarix barəsində də məlumat verir. Bu tarixlər isə yay aylarına təsadüf etməlidir. Amma Dohada bu bir qədər başqa cürdür. Orada yay isti olduğu üçün istər-istəməz çətinlik yaradacaq. Belə fərqli problemlər var. Mən bir neçəsini misal çəkdim ki, bizim üstünlüyümüz çoxdur. Biz real iddiaçı şəhərik.

- Bakı Olimpiada-2020 üçün tarixləri müəyyənləşdiribmi?
- Hazırda Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu sahədə işləyir. Bu tarix təxmini bilindiyi üçün indidən demək istəməzdim. Çünki bu, təsdiqlənməlidir. Amma tarix sifariş kitabında öz əksini tapacaq və bundan sonra ətraflı məlumat veriləcək.

- Bəs Bakının Yay Olimpiya Oyunlarını keçirmək şansları təxminən neçə faizdir?
- Şansımız çoxdur. Yəni 5-10 il öncə Bakıda olan qonaq indi paytaxtımıza gəldikdə buranı tanımır. Olimpiadaya isə hələ 9 il var. Bu müddətdə bizim daha böyük işlər görmək üçün kifayət qədər vaxtımız var. Yəni şansımız var, planlı şəkildə işlərimizi həyata keçiririk. Əgər biz iddiaçı kimi namizədliyimizi irəli sürmüşüksə, deməli, bütün planlaşdırılmış şərtlərimiz də var. Amma faiz baxımından nəsə demək çox çətindir.

- Bakı-2020-nin təbliğatı ilə bağlı hansı işlər görülür və planlar necədir?
- Onu deyə bilərəm ki, biz bir sıra ekspertlərlə işləyirik. Onlara arasında beynəlxalq ekspertlər də yer alıb. Həmin şəxslər bizə sifariş kitabının hazırlanmasında yardımçı olurlar. Eyni zamanda, xüsusi roliklər hazırlayırıq. Bu da təbliğatımızın bir hissəsi olacaq. Məsələn, bu çəkilişlərin aparılması üçün Hollivuddan məşhur rejissor Rupert Ueynrayt Azərbaycana dəvət edilib. Bizim mini filmlər, roliklərin çəkilişi onun rəhbərlik etdiyi şirkət tərəfindən aparılır. Hazırda çəkilişlər çox uğurlu gedir. Şirkətin nümayəndələrini Bakının müxtəlif görməli yerlərinə, hətta rayonlara da göndərmişik ki, hər şey əla alınsın. Bununla yanaşı, digər təbliğat işlərinin aparılması da nəzərimizdədir və buna uyğun işlər görülür.

- Bu, Bakının ikinci cəhdidir. Layihə əvvəlkindən nə ilə fərqlənəcək?
- Əgər birinci dəfə haradasa çətinliyimiz ola, nədənsə məlumatlı olmamışdıqsa, bu dəfə təcrübə baxımından fərq çoxdur. Artıq bir dəfə bu yolu keçmişik, müəyyən təcrübəyə malikik. Biz nəyin düzəldilməsi, zəif cəhətlərin gücləndirilməsini çox yaxşı bilirik. İnanırıq, bu dəfə uğurlu olacaq.

- Bəs namizədlər arasında mümkündürmü, hansısa iddiaçı şəhər digərinin xeyrinə geri çəkilsin?
- Xeyr, burada elə şey yoxdur. Hər bir şəhər bir-birinə rəqibdir və bir şəhərin digərini tərifləməsi mümkün deyil. Eyni zamanda digər şəhərə qarşı hansısa qara piarın aparılması da olmaz. Belə hallar dövlət üçün də mənfi göstərici ola bilər. Maksimim çalışmalıyıq ki, rəqiblərimizlə bağlı çərçivədən kənara çıxmayaq.

- Beynəlxalq dəstək də mümkün deyil?
- Azərbaycan Olimpiya Komitəsinin BOK və AOK-la (Avropa Olimpiya Komitəsi), beynəlxalq idman qurumları ilə çox gözəl münasibətləri var. Amma rəsmi olaraq, bu təşkilatların heç bir icazəsi yoxdur ki, hansısa şəhərə kömək etsin və ya təbliğatını aparsın. Eyni zamanda, bizim də bu qurumlardan istifadə edib, təbliğat aparmaq hüququmuz yoxdur. Əsas odur ki, Azərbaycanı tanıyırlar, işimizdən xəbərdardırlar.

- Qalibi müəyyənləşərkən başqa hansı üstünlüklər nəzərə alınacaq?
- Burada şəhərin infrastrukturu, Olimpiya kəndi, Olimpiya parkı və bunun yaradılması, harada yerləşməsi da vacibdir. Burada indiki deyil, 10 il sonrakı iqtisadi durum, iqlim də nəzərə alınır.

- Bəs ilkin mərhələni keçmək üçün Bakını 6 şəhər arasında neçənci görürsüz?
- Bunu demək çox çətindir. Ümumiyyətlə, idman sahəsində proqnoz vermək asan deyil. Məsələn, hər hansı bir güclü idmançı bir an ərzində uduza və ya uda bilər. Bu da idmandır. Biz özümüz şansla bağlı hansısa fikir irəli sürə bilərik. Amma bunu açıqlamaq düzgün deyil. Çünki bu rəqiblərimizə böyük hörmət etdiyimiz üçün də yerinə düşmür.

- Bakı Olimiada-2016 üçün ilk cəhddə mərhələ belə adlaya bilməmişdi. Yəni bu dəfə ən azından buna inam var...
- Bəli, buna inanırıq. Çünki bu dəfə təcrübəmiz daha çoxdur.