16:45 22-12-2011
news_image
924
DİGƏR NÖVLƏR

“2020-ci il olimpiadasına namizədlik Bakı və ölkəmiz üçün həyati əhəmiyyətlidir”

“Ölkəmizin müstəqillik əldə etdiyi 20 il ərzində biz bir xalq olaraq, çox uzun yol keçdik. Biz 2020-ci il olimpiadasını keçirmək arzumuzu reallaşdıra bilsək, inanıram ki, ölkəmizin inkişafı istiqamətində irəliyə doğru növbəti böyük addım atmağı bacaracağıq”. Lent.az-ın məlumatına görə, bunu “Bakı2020”nin Təşkilat Komitəsinin sədri, baş nazirin I müavini Yaqub Eyyubov “Around the Rings” nəşrinə açıqlamasında deyib.

O, Bakı şəhərinin 2020-ci il Yay Olimpiya və Paralimpiya Oyunlarına namizədliyini irəli sürməsi ilə əlaqədar “Together we can” (“Biz Birlikdə bacararıq”) devizi altında həyata keçirmək niyyətində olduqları planlardan danışıb: “Biz birlikdə güclənə və müsbət iqtisadi və sosial dəyişikliklərimizi davam etdirə bilərik. Son 20 ildə gedən inkişaf nəticəsində Bakı şəhəri olimpiadayadək dünyada aparıcı mövqeyə çata bilər. Biz birlikdə komanda idmanının, ölkəmizdə gənc və yaşlı nəsil üçün faydalı olan yeni idman növlərinin sürətli inkişafına nail ola bilərik. Nəhayət, biz birlikdə ölkəmizin öz idman potensialını həyata keçirməyə imkan yarada, inkişafa təkan verə və idmanın Azərbaycan cəmiyyətinə inteqrasiyasına zəmin yarada bilərik”.

Y.Eyyubov bildirib ki, yüksək səviyyəli qonaqlar da olimpiya və paralimpiya dəyərlərinin hörmət, mükəmməllik, dostluq, cəsarət, qərarlılıq, ruh yüksəkliyi və bərabərliyə çevriləcəyinə inanırlar: “Bunlar həm də milli dəyərlərimizdir. Bizi 2020-ci il olimpiadasının təşkilatçısı kimi seçsələr, birgə olaraq olimpiya ideallarını genişləndirə və yeni Azərbaycanda milyonlarla qəlb və təfəkkürü ruhlandıra bilərik. 2020-ci il olimpiadasına namizədlik Bakı və ölkəmiz üçün həyati əhəmiyyətlidir”.

Bununla belə, Təşkilat Komitəsinin sədri namizədliklərinin təkcə Azərbaycan üçün deyil, dünya olimpiya hərəkatı üçün əhəmiyyətli olduğunu vurğulayıb. Onun sözlərinə görə, olimpiada Bakıda keçirilsə, Yay Olimpiya Oyunları az tanınan, amma Bakı kimi böyük uğurlar əldə etməyə qadir olan digər namizəd şəhərlər üçün nümunə və ilham mənbəyi ola bilər: “Bakıda Olimpiya Oyunlarının keçirilməsi Beynəlxalq Olimpiya Komitəsi üçün yeni və dinamik bazarlar açacaq, Olimpiya hərəkatına yeni qoşulmuş regionlara mühüm və ecazkar Olimpiya dəyərlərini təqdim edəcək”.