15:10 23-12-2011
news_image
1457
DÖYÜŞ NÖVLƏRİ

“Rəqibin solaxay olması işimi çətinləşdirdi” - MÜSAHİBƏ

“Baku Fires”ın heyətində bu mövsüm uğurlu debüt edən Qairbek Qermaxanov (54 kq) klubun rəsmi saytına müsahibə verib. Apasport.az-ın məlumatına görə, keçirdiyi hər üç görüşündə qələbə qazanan boksçu idmana gəlişindən və komandasını gözləyən gərgin döyüşlərdən danışıb.

- Əvvəlcə meksikalı Aaron Alamedaya qarşı keçirilən sonuncu görüşdən söz açaq. Bu qarşılaşma sizdə hansı təəssüratları yaratdı?
- Mən bu döyüşdə sərgilədiyim çıxışdan o qədər də razı deyiləm. İstədiyim kimi döyüşə bilmədim. Düşünürəm ki, buna mənim bu yaxınlarda xəstələnməyim səbəb oldu. Bununla belə, rəqibimin öhdəsindən gəldim və qələbə qazandım. Lakin üzərimdə çox işləməliyəm.

- Alamedanın belə müqavimət göstərəcəyini gözləyirdinizmi?
- Mən rəqibin döyüş üsulu ilə tanış deyildim. Alamedanın gözləniləndən kifayət qədər möhkəm boksçu, onun solaxay olması mənim işimi çətinləşdirdi. Xoşbəxtlikdən isə mən qalib gələ bildim.

- Sizin WSB versiyası üzrə keçirdiyiniz 3 döyüşdən hansı daha çox yadda qalıb?
- Parisdə Avropa çempionatının mükafatçısı Aleksandr Rıskana qarşı döyüş. O görüş çox çətin idi. Hər şey beşinci raundda həll olundu.

- İstanbulda isə vaxtından əvvəl qələbə qazandınız...
- Bəli, türkiyəli boksçu Murat Temurla baş tutan ilk döyüş kifayət qədər asan oldu. Mən texniki nokautla qalib gəldim. Lakin hər halda səfərdə döyüşə çıxmaq həmişə çətin olur.

- B qrupunda turnir cədvəlində yerinizlə bağlı nə deyə bilərsiniz?
- Həmzət Ağayevin dediyi kimi, bizim əsas rəqiblərimiz meksikalılardır. Onların qarşıda 3 ev qarşılaşması var. “Mexico City Guerreros”da mənim çəkimdə daha güclü boksçular var. Odur ki, Meksikaya səfər çətin döyüş vəd edir. Lakin hələ ki, biz “Baku Fires”ın hamıdan güclü olduğunu sübut edirik və bundan sonra da sübut edəcəyimizə ümid edirəm.

- “Baku Fires” çox güman ki, 1/4 finala çıxacaq. Pley-off matçında hansı komanda ilə görüşmək istərdiniz?
- Yarımfinaldan qabaq çox az gücümüzü sərf edəcəyimiz komanda ilə döyüşmək istərdik (gülür). WSB turnirində qalib gəlmək üçün bütün şanslara malik olan güclü və mehriban kollektivimiz var.

- “Baku Fires” komandasında elə də çoxdan çıxış etmirsən, ona görə də boks həvəskarları sənin haqqında çox az məlumatlıdırlar. Özünüz barədə nə deyə bilərsiz?
- Dağıstanın Kaspiysk şəhərində məşq etməyə başlamışam. Ancaq məşqə boksla yox, kikboksinqlə başlamışam. Rusiyada kikboksinq üzrə ölkə çempionu olmuşam. Bir dəfə mənə Dağıstanın boks çempionatında çıxış etməyi təklif etdilər. Mən razılaşdım. Finala qədər yüksəldim, son anda məğlub oldum. Düzünü desəm, uduzacağımı gözləmirdim. Boksda da uğur qazana biləcəyimi sübuta yetirmək mənim üçün prinsip məsələsi idi. Nəticədə elə alındı ki, bu idman növündə də qalmalı oldum.

- Əldə etdiyiniz nəticələrdən də göründüyü kimi, siz boksda heç də az uğur qazanmamısız. Rusiya çempionatının mükafatçısı olmaq elə də asan iş deyil...
- Mən 48 kq-a qədər çəki dərəcəsində Rusiya çempionatının üç dəfə bürünc mükafatçısı olmuşam. Həm də Avropa Kubokunda 3-cü yeri tutmuşam.

- Azərbaycanda öz perspektivlərini necə görürsüz?
- Bu il Azərbaycanı təmsil etmək üçün gəlmişəm. Ancaq hələ lazımi səviyyədə deyiləm. Özümdən çox böyük uğurlar gözləyirəm, Azərbaycan boksuna əhəmiyyətli töhfələr verə biləcəyimə ümid edirəm. Rəhbərliyə, məşqçilərə, azarkeşlərə belə mehriban və səmimi qarşılandığım üçün minnətdarlığımı bildirirəm. Azərbaycanın artıq dünya çempionu var - Məhəmmədrəsul Məcidov. Öz üzərilərində bu tempdə işləməyə davam etsələr, böyük uğurlar qazanmağa qadir olan çox perspektivli boksçularımız var.