00:03 24-12-2011
news_image
2932
DİGƏR NÖVLƏR

Elxan Məmmədov: Bizim məktəb artıq solub – MÜSAHİBƏ

Azərbaycan cüdo yığmasının üzvü, Dünya Kubokunun qalibi Elxan Məmmədovun apasport.az saytına müsahibəsi

- Yaponiyadan qayıtmısınız. Hesabat turniri və təlim-məşq toplanışı sizin üçün nə ilə yadda qaldı?
- Yaponiyadakı yarışda bütün dünyanın aparıcı idmançıları mübarizə aparırdılar. Düzü, əsas məqsədimiz turnir yox, ondan sonra baş tutan beynəlxalq təlim-məşq toplanışı idi. Çox güclü məşq prosesimiz oldu. Hesab edirəm ki, bu, gələcək yarışlarda bizim çox dadımıza çatacaq.

- Sonuncu reytinq cədvəlində öz çəki dərəcənizdə 5-ci pillədə qərarlaşmısınız. London olimpiadasına hər çəkidə 22 nəfərin gedəcəyini nəzərə alsaq, sizin lisenziyanı de-fakto təyin etdiyinizi demək olar?
- Hələlik 100 faiz deyil. Amma London olimpiadasına gedəcəyimi 99 faiz dəqiqləşdirmişəm. 1 faizi ona görə saxlayıram ki, həyatın işini bilmək olmaz. Son anda ala biləcəyim mümkün zədə bütün planlarımı alt-üst edə bilər.

- Artıq bütün toplanışlar, yarışlar birbaşa planetin ən güclü yarışına hesablanıb. Çətin sınaq öncəsi özünüzü necə hiss edirsiniz?
- Toplanışdan sonra vəziyyətimiz yaxşılığa doğru dəyişib. Düzünü desəm, mən hələ belə toplanış görməmişdim. 10 gün dalbadal 1 saat ərzində sınaq görüşündə iştirak etdik. Rəqiblərimiz isə elə-belə ölkələrin təmsilçiləri yox, sırf cüdo ölkəsi, cüdo məktəbi kimi tanınan Yaponiya nümayəndələri idi. Onların özünəməxsus qaydaları var. Düzdür, çox əziyyətlərə qatlaşdıq, amma eyni zamanda xeyri də oldu. İnanıram ki, bəhrəsini görəcəyik. Biz təzədən məktəbə getdik, universitet keçdik.

- Biz Qafqaz stilində güləşirik. Yapon məktəbi ilə müqayisə aparanda, hansı fərqlər açıq-aşkar meydana çıxır?
- Məncə, Qafqaz məktəbi artıq solub. Bu stildə güləşmək bir qədər çətindir. Çünki ancaq ikinci həmlədən sonra əllə ayağa fənd etmək olur. Yaponlarla güləşdikcə texnika artır. Açıq etiraf etmək lazımdır ki, Azərbaycanda yaponlar kimi rəqiblər yoxdur. Onlarla güləşəndə, insan başqa məsuliyyət dərk edir.

- Yapon cüdoçularını, yığmalarını görəndə öz komandamız barədə nə düşündünüz?
- Yaponiya güləşçilərinin dünya reytinq cədvəlindəki mövqeyinə baxın. Hər çəkidə də olmasa, əksərində ilk “dördlük”də cüdoçular yer alıblar. Əlbəttə ki, bütün bunlar yığmalarındakı rəqabətdən xəbər verir. Bu, hər bir yığma üçün müsbət haldır. Sağlam rəqabət olan yerdə, güclü idmançı kimi yetişmək bir qədər asanlaşır. Fərq, bax budur! Ümumiyyətlə, Yaponiya cüdosu haqqında fikir bildirmək üçün oranı mütləq görmək lazımdır. Danışmaqla izah etmək mümkün deyil. Gərək, özün görəsən. Onların məktəbin görəndə, insanda xoş hisslər meydana gəlir.

- Belə bir təlim-məşq toplanışı görmədiyinizi dediniz. Maraqlıdır, ilk günlər Azərbaycan cüdoçuları yaponlarla necə ayaqlaşdılar?
- Əlbəttə, çətin idi. Məşqçilər də deyirdilər ki, bu qədər yükləməyə dözmək hər adamın işi deyil. Amma bilirəm ki, bunu həvəskar səviyyədə etmirəm. Çətinliyin sonunda bir uğurun, işıq ucunun olduğunu görürəm. Odur ki, dözmək lazımdır. Həmin məşqlər idmançıya lazım olan hər şeyi təmin edir. Həm fiziki, həm taktiki həm də psixoloji cəhətdən hazırlıqlı olursan.

- Nəzərə alaq ki, yeni qaydalar 2008-ci il olimpiadasından sonra tətbiq olunub. Bunu nəzərə alıb demək olarmı ki, London turnirində medal əldə etmək Azərbaycan cüdoçuları üçün çox çətin olacaq?
- Əslində, qaydalar dəyişdikdən sonra Azərbaycan millisinin üzvləri uğur qazanıblar. Amma bu, olimpiada tipli yarışlarda reallaşmayıb. Mən, İlqar Müşkiyev, Elnur Məmmədli müxtəlif turnirlərdə medallar əldə etmişik. Bu qaydalar əsasında güləşmək çox çətin olsa da, mümkündür. Təzə qaydalara uyğunlaşmaq hər adam üçün çətindir. Bunu nəzərə alan məşqçilər korpusu da boş oturmur. Əllərindən gələni edirlər ki, qaydaları tez mənimsəyək və görüşlərimizə tətbiq edək.

- Cüdonun yeni qaydalarına tam uyğunlaşmaq üçün nə qədər vaxt lazımdır?
- Biz Əlifbada deyilik. Sözsüz ki, hər bir yığmada olduğu kimi, bizim də taktikamız var. Hesab edirəm ki, qarşıdakı yarışlar hesabına təcrübə toplamaqla yeni qaydalara alışıb, köhnələri unuda bilərik.