10:51 27-12-2011
news_image
928
DİGƏR NÖVLƏR

22 medal, 4 lisenziya

Azərbaycan avarçəkənləri 2011-ci ildə xaricdə keçirilmiş yarışlarda 22 medal və 2012-ci il London Yay Olimpiya Oyunlarına 4 lisenziya qazanıblar. Milli Avarçəkmə Federasiyasının mətbuat xidmətindən apasport.az saytına verilən məlumata görə, medallardan 18-i kanoe, 4-ü isə akademik qayıqlarda avarçəkənlərin payına düşüb.

Başa çatmaqda olan ildə kanoeçilərimiz böyüklərin yarışında daha çox medal əldə ediblər. Onlar dünya çempionatında 1 qızıl, 3 gümüş, Avropa çempionatında 2 qızıl, 1 gümüş, Dünya Kubokunun mərhələ yarışlarında 2 qızıl, 4 gümüş, 1 bürünc medala sahib olublar. Bu medallara Valentin Demyanenko, Sergey Bezuqlıy – Maksim Prokopenko dueti və Andrey Kraytor yiyələniblər. Bundan başqa, Kraytor 23 yaşadək kanoeçilər arasında Avropa çempionatının qızıl və gümüş medallarına, eləcə də beynəlxalq reqatanın qızıl medalına da sahib olub. Aleksey Kupin və İqor Delistianovdan ibarət yeniyetmə kanoeçi duetimiz isə beynəlxalq reqatada gümüş medalla fərqlənib.

Akademik avarçəkənlərimiz isə 4 medalı yeniyetmələr arasında Avropa çempionatında və beynəlxalq reqatalarda qazanıblar. Bu medallardan 3-ü 17 yaşlı Boris Yotovun ayağına yazılıb. Yotov qitə birinciliyində gümüş, 2 beynəlxalq reqatada qızıl və gümüş medallar əldə edib. Yeganə bürünc medal isə Qardaşxan Hüseynli – Kamal Xanlarov duetinin aktivində olub.

Medal sayındakı fərqə rəğmən, kanoeçilərimiz və akademik avarçəkənlərimiz London olimpiadasına hərəyə 2 lisenziya qazanıblar. Kanoeçilərimizdən Valentin Demyanenko və Sergey Bezuqlıy – Maksim Prokopenko dueti, akademik avarçəkənlərimizdən isə Aleksandr Aleksandrov və Nataliya Mustafayeva bu vəsiqələrə yiyələniblər.