18:29 28-12-2011
news_image
1253
DİGƏR NÖVLƏR

Azərbaycandakı ukraynalı məşqçilərə mənzil və 10 min dollar verilir

Ukraynanın İdman və Gənclər üzrə Dövlət Xidməti idman mütəxəssislərinin digər ölkələrə gedişinin qarşısını almaq üçün ukraynalı məşqçilərə şərait yaradılması barədə məsələ qaldırıb. Lent.az-ın məlumatına görə, bunu xidmət rəhbəri Ravil Safiullin bildirib.

O, qeyd edib ki, idmançı və məşqçilərə ödənilən əmək haqqı digər rəqib ölkələrlə müqayisədə çox aşağıdır. Bu səbəbdən ukraynalı idmançılar və məşqçilər axın edirlər: “Axını dayandırmaq üçün məsələyə komitədə baxılmasını qərara aldıq. Belə deyim: Məşqçilərimizlə əlaqə saxlayırlar və 10 min dollar əmək haqqı təklif edir, bürün mənzil məsələlərini həll edirlər. Bu, əsasən Azərbaycanla Qazaxıstandadır. Məşqçilər heyətimizin şəraitinin yüksəldilməsi əsas məsələ kimi qarşıya qoyulmalıdır. Nazirlər Kabineti Ukraynanın olimpiya növləri üzrə ən yaxşı məşqçilərinə təqaüd verilməsini qərara alıb. 50 olimpiya, 25 paralimpiya məşqçisinə 8 min qriven həcmində təqaüd veriləcək”.

Qeyd edək ki, Azərbaycanın “Simurq” futbol klubunun baş məşqçisi Sergey Yuran, kayak və kanoe üzrə yığma komandamızın baş məşqçisi Aleksandr Kolıbelnikov və şahmat üzrə kişilərdən ibarət millimizin kapitanı Vladimir Tukmakov ukraynalıdır. Bundan başqa ölkəmizdə ayrı-ayrı növlərdə məşqçi qismində çalışan ukraynalılar var.