09:56 29-12-2011
news_image
1112
DİGƏR NÖVLƏR

52 medal və 20 lisenziya

2011-ci il Azərbaycan paralimpiyaçıları üçün uğurlu olub. Paralimpiya Komitəsindən apasport.az saytına verilən məlumata görə, idmançılarımız bu il ərzində 8 idman növü üzrə dünya, Avropa çempionatlarında, Dünya Oyunları, Dünya kuboku və A kateqoriyalı rəsmi yarışlarda mübarizəyə aparıb və yüksək nailiyyətlərə imza atıblar. Belə ki, paralimpiyaçılarımız 52 medala yiyələnərək, ötən illə müqayisədə 16 medal çox qazanıblar.

Onlar bu medallardan 6-sına dünya çempionatlarında, 4-ünə Avropa çempionatlarında, 42-sinə isə XIV London Yay Paralimpiya Oyunlarına lisenziya xalı verən Dünya Oyunları, Dünya Kuboku və A kateqoriyalı rəsmi yarışlarda sahib olublar.

2011-ci ilin nəticələrinə əsasən 2012 ci il XIV London Yay Paralimpiya Oyunlarına qazanılan lisenziyaların sayı 20-dir. Lakin bu say son deyil. Belə ki, idmançılarımız 2012-ci ilin 4 ayı ərzində bir neçə lisenziya xalı verən rəsmi yarışda iştirak edərək lisenziyalar qazana bilərlər.

Arxada qalacaq il həm də onunla əlamətdardır ki, Pekin Paralimpiya Oyunlarından fərqli, London Paralimpiya Oyunlarında 5 idman növündə təmsil olunacağıq. Belə ki, kamandan oxatma idman növündə milli komandanın idmançısı Zinyət Vəliyeva 2012-ci ilin Oyunlarına lisenziya qazanıb.

Komitənin fəaliyyətdə olan idman növlərinə artıq komanda idman növləri əlavə edilməsi Milli Paralimpiya Komitəsinin 2011 ci il uğurlarındandır. Voleybol və qolbol komandaları 2011-ci il ərzində Avropa çempionatlarında və A kateqoriyalı beynəlxalq turnirlərdə iştirak ediblər. Bu ilin titul qazanan idmançıları ilə bərabər, gənc paralimpiyaçılar - cüdoçu Bayram Mustafayev (66 kq), Hüseyn Həsənov (uzununa tullanma) və Samir Nəbiyev (diskatma) lisenziya normativini doldurublar.

Medalların siyahısı

İdman növüQızılGümüşBürüncCəmi
Atletika12121135
Cüdo4228
Güllə atıcılığı2125
Üzgüçülük1-23
Pauerliftinq--11
Cəmi19151852


Qeyd edək ki, hazırda milli komanda üzvləri yarışlara hazırlıqla əlaqədar məşqlərini davam etdirirlər. Komitənin məsul işçiləri yeni – 2012-ci il üçün idman tədbirlərinin təqvim planlarının tərtibatı üzərində işləyir, idmançıların XIV London Yay Paralimpiya oyunlarına hazırlığı ilə əlaqədar münasib yarışlar və təlim məşq toplantılarının keçirilmə yerlərini müəyyən edirlər. Çünki gələn il nəzərdə tutulan yarışlar, milli komandaların üzvləri üçün idman hazırlıqlarının qorunub saxlanılmasına və yeni lisenziyaların alınması üçün vacibdir.