17:14 29-12-2011
news_image
2627
DÖYÜŞ NÖVLƏRİ

Füzuli Musayev: Atalar üçdən deyib!

“Olimpiya Oyunlarında 2 dəfə medala yaxın olmuşuq. Ancaq gözəl məsəlimiz məsəlimiz var: Atalar üçdən deyib”. Apasport.az saytının məlumatına görə, bunu Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti Füzuli Musayev deyib.

O, bu gün 2011-ci ilin yekunları ilə bağlı keçirilən hesabat konfransında London-2012-də Azərbaycan taekvondoçularının medal qazanacaqlarına böyük ümid bəslədiklərini deyib. Musayevin sözlərinə görə, burada şans da böyük amildir: “Mən həmişə deyirəm ki, Olimpiadada Rəşad Əhmədovun medalını əlindən aldılar. Lakin bu dəfə ümidimiz böyükdür. Cüdoçularımız da bizim kimi medal qazana bilmirdilər. Lakin Pekin-2008-də onlar əla nəticəyə imza atdılar. 1 qızıl və 1 bürünc medalla adlarından söz etdirdilər, Azərbaycanı dünyaya tanıtdırdılar. Londonda inşallah biz də medal qazanarıq. Burada şans amili də vacibdir”.

Vitse-prezident bildirib ki, artıq Böyük Britaniyada Olimpiya Oyunlarının keçiriləcəyi məkanda test turnirində ilk uğurlarını qazanıblar. Burada dünya reytinqində ən güclü olan və London-2012-yə lisenziya qazanan Ramin Əzizov (80 kq) gümüş medala yiyələnib.

London-2012 üçün qarşıya maksimim sayda lisenziya qazanmağı məqsəd qoyan taekvondoçularımızın bu istəyi həyata keçirmək üçün yollarını Kazan şəhərindən salacaqlar. Çünki hələlik 4 mümkün lisenziyadan ikisinə Bakıda baş tutan dünya təsnifat turnirində Ramin Əzizov (80 kq) və Fəridə Əzizova (67 kq) sahib olublar. Olimpiadaya lisenziya xarakterli Avropa təsnifat turniri isə yanvarın 27-29-da Rusiyada keçiriləcək. İlk 3 çəkiyə lisenziya verəcək yarışda Azərbaycan 1 kişi və 1 qadın taekvondoçu ilə təmsil olunacaq. Musayev bildirib ki, turnirə yollanmaq üçün rəqabət böyük olduğundan idmançı və mübarizəyə qatılacağımız çəki yanvarın əvvəllərində dəqiqləşəcək: “Düzdür, qadınlardan ibarət millidə çəki dərəcəsi bilinir. Bu 57 kq çəki dərəcəsidir. Lakin idmançının adına hələ dəqiqlik gəlməyib. Koreyalı baş məşqçimiz Günay Ağakişiyeva ilə Səbinə Mikayılova arasında seçim edəcək. Kişilərin yarışında isə 68 kq və ya +80 kq çəki dərəcələrində iştirak edəcəyik. Bunun üçün son anda Fariz Əliyev, İlkin Şahbazov, Elvin Məmmədov (hamısı 68 kq) və Təvəkkül Bayramov (+80 kq) arasında seçim olacaq”.

Vitse-prezident bildirib ki, bu yarışa hazırlıq çox ciddi gedir. Artıq bir müddətdir təlim-məşq toplanışında olan taekvondoçularımızın son dünya çempionatında Koreyanı qabaqlayaraq birinci olan İranla birgə hazırlıq keçməsi ilə bağlı danışıqlar da olub: “İran milli komandasını buraya dəvət etmişik. Ola bilsin, yanvarın 7-də Bakıya gəlsinlər. Çünki burada 2 milyonadək taekvondo ilə məşğul olan idmançı var. Hər bir çəkiyə isə eyni gücdə, eyni texnikada 10 namizədləri olur. Onlar yeni elektron jiletlər çıxdıqdan sonra koreyalıları da qabaqlayıblar”.