00:06 31-12-2011
news_image
1189
DİGƏR NÖVLƏR

İradə Aşumova: İdmançılar divara söykənib atəş açırlar

Başa çatmaqda olan 2011-ci il snayperlərimiz üçün də həm uğurlu, həm də uğursuz məqamlarla diqqəti çəkib. Apasport.az saytının Əməkdaşımızla ilə söhbətində ölkənin güllə atıcılığı üzrə yığmasının baş məşqçisi və üzvü, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova snayperlərimizin uğurlarından və üzləşdikləri problemlərdən söhbət açıb:

“Başa çatmaqda olan ilin snayperlərimiz üçün həm uğurlu, həm də uğursuz məqamları olub. Əvvəla onu qeyd etmək istəyirəm ki, kiçik çaplı tapançadan atəş açan Ruslan Lunyovla Rəsul Məmmədovun göstəriciləri bu il yaxşılaşıb. Ruslan reytinq mövqeyini yaxşılaşdırmaqla yanaşı, həm də yeni yarış növünə alışıb”. Bu sözləri apasport.az saytına açıqlamasında güllə atıcılığı üzrə yığmasının baş məşqçisi və üzvü, Afina Olimpiadasının bürünc mükafatçısı İradə Aşumova deyib.

Başa çatmaqda olan 2011-ci ildə snayperlərimizin çıxışına toxunan Aşumova bildirib ki, bu il maddi cəhətdən hansısa çətinlikləri olmayıb: “Yeni yarış növündə snayperlər kiçik çaplı tapançadan 25 metr məsafəyə 3 cəhddə atəş açırlar. Əvvəlcə 8 metrdən 10, ardından 6, sonda isə 4 metr məsafədən atəş açırlar. Ruslanla yanaşı, Rəsul Məmmədov da göstəricilərini yüksəldib. İlin ən böyük uğuru isə mənim Serbiyanın paytaxtı Belqradda keçirilən Avropa çempionatında London Olimpiadasına lisenziya qazanmağım oldu. Ötən illərdən fərqli olaraq, bu il bizim nə silah, nə də patron problemimiz olmadı. Federasiya snayperlər üçün 5 təzə tapança da alıb".

Təcrübəli snayper daha sonra problemlərdən danışdı: "Uğursuzluğa gəlincə, 2011-ci ilin uğursuzluqlarından biri Ruslan Lunyovun AÇ-2011-ci ilə 8-ci yeri tutaraq, London Olimpiadasına lisenziya qazana bilməməsidi. Ruslanın AÇ-də 6-cı olub lisenziya qazanması üçün cəmi 2 xalı çatmadı. Rəsulun uğursuzluğu isə odu ki, ölkə çempionatında yaxşı çıxış etməsinə rəğmən, beynəlxalq turnirlərdə nədənsə uğur qazana bilmir. Bu il Nigar Bağırova üçün də uğursuz olub. Nigar nə Azərbaycan çempionatında, nə də beynəlxalq turnirlərdə yaxşı nəticə göstərə bilməyib".

Aşumova üzləşdikləri tir problemindən də söhbət açdı: "Biləcəri qəsəbəsində yerləşən Atıcılıq Mərkəzindəki 25 metrlik tirin tikintisi başa çatmaq üzrə olsa da, hələlik tir üçün lazım olan avadanlıqlar alınmayıb. Həmin mərkəzin zirzəmisində yerləşən 10 metrlik tirdə isə şərait heç də ürəkaçan deyil. Təsəvvür edin ki, tirin uzunluğu cəmi 10 metr olduğu üçün idmançılar divara söykənib atəş açırlar. Adam istədiyi kimi rahat hərəkət də edə bilmir. Yer olmadığı üçün tirə azarkeşlərin daxil olması da mümkün deyil".

Sonda isə Aşumova 2012-ci il üçün nəzərdə tutduğu planlarından danışdı: "Gələn il əsas işimiz olimpiya təsnifatlı son turnir olan Avropa çempionatını və eləcə də Olimpiadaya hazırlıqdan ibarət olacaq. Hazırlıq prosesinə Allah qoysa, yanvarın 10-dan etibarən İsraildə başlayacağıq. İsrail toplanışı 14 gün davam edəcək. Toplanışda mənimlə yanaşı Ruslan da olacaq. Olimpiya təsnifatlı qitə çempionatı fevralın 14-də Finlandiyada keçiriləcək. Həmin çempionatda Ruslan Lunyov, Rəsul Məmmədov, Nigar Bağırova və Nərminə Səmədova iştirak edəcək. Reqlamentə görə, snayperlər 10 metr məsafəyə atəş açmaqda özlərini sınayacaqlar".