00:00 01-01-2012
news_image
862
STOLÜSTÜ OYUNLAR

Şəhriyar Məmmədyarov: Bu, bir zarafat idi

“Çinin paytaxtı Pekində keçirilən İntellektual oyunlarda məni məşhur italiyalı hakim Pyerluici Kollinaya bənzətmişdilər ki, bu da bir zarafat idi. Orada təkcə məni deyil, eyni zamanda digər iştirakçıları da bir sıra sahələrdə tanınan şəxslərlə müqayisə etmişdilər”.
Bu sözləri apasport.az saytına açıqlamasında Azərbaycan şahmat yığmasının lideri, Avropa çempionu Şəhriyar Məmmədyarov deyib.

Başa çatmaqda olan ildə bir sıra uğurlu nəticələrə imza atan Sumqayıt Şahmat məktəbinin yetirməsi növbəti ildə bunun davamını gətirib.

Fərdi planda dünya çempionluğuna iddia edən beynəlxalq dərəcəli qrossmeyster digər azərbaycanlı şahmatçıları da buna qadir hesab edir: “Biz son zamanlar komanda hesabında yaxşı nəticələr əldə etmişik. Fikrimcə, fərdi planda da güclüyük. Azərbaycanda çox şahmatçıda dünya çempionu olmaq şansı var. Hələlik Vüqar Həşimov, Teymur Rəcəbov və mənim namizədliyim realdır. Fikrimcə, biz eyni gücə malik idmançılarıq”.

26 yaşlı idmançı hesab edir ki, bu gün ölkəmizdə yeni nəsil şahmatçılar yetişir: “Zənnimcə, Azərbaycanda güclü şahmat məktəbi var. Bizim yeni istedadlar var ki, yaxın gələcəkdə onlar yüksək səviyyəli şahmatçılar olacaqlar. Onların arasında da dünya çempionları çıxa bilər”.