16:53 05-01-2012
news_image
1203
STOLÜSTÜ OYUNLAR

Məşhurları Azərbaycan klubuna cəlb etməkdə məqsəd nədir?

“Məqsədimiz Azərbaycanın adının hər yerdə birinci olmasıdır. Elə bu səbəbdən, Veselin Topalovla Qata Kamskinin “SOCAR-Azərbaycan” şahmat klubuna cəlb etdik”. Bunu Lent.az-a açıqlamasında Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov deyib.

Onun sözlərinə görə, keçmiş dünya çempionu, bolqarıstanlı Topalov və vitse-çempion, ABŞ təmsilçisi Qata Kamski ilə hələlik birillik müqavilə bağlanılıb. Onlar 2012-ci ildə “SOCAR-Azərbaycan”ın heyətində Klublararası Avropa Kubokunda mübarizə aparacaqlar. Bu yarış 10-18 oktyabrda İsrailin Elyat şəhərində keçiriləcək.

Federasiya rəsmisi ötən qitəmiqyaslı yarışlarda “SOCAR-Azərbaycan”ın müvafiq olaraq, 4-cü və 2-ci yeri tutduğunu xatırladaraq, bu dəfə 1-ci olmağı hədəflədiklərini vurğulayıb.

Məmmədov bildirib ki, Topalovla Kamskiyə klubumuzdakı digər şahmatçılardan elə də yüksək əmək haqqı ödənilməyəcək: “Onlar “SOCAR-Azərbaycan”da çıxış edən Teymur Rəcəbov, Aleksandr Qrişuk kimi dünyanın aparıcı şahmatçılarıdır. Bu səbəbdən, Topalov və Kamskiyə ödəniləcək vəsaitin məbləği Rəcəbovla Qrişukun əməkhaqqı ilə müqayisə olunan səviyyədədir. Yəni onlara münasibət eyni səviyyədə olmalıdır”.

Veselin Topalov və Qata Kamskidən başqa, hazırda “SOCAR-Azərbaycan”ın heyətində Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Aleksandr Qrişuk və Emil Sutovski də yer alıb. Qaydalara əsasən, şahmat klubunun üzvlərindən ən azı 4-ü təmsil etdiyi ölkənin idmançıları olmalıdır. Bu baxımdan, qalan 2 yerli şahmatçının kim olacağı maraq doğurur. M. Məmmədov onların adlarının hələ müəyyənləşmədiyini söyləyib. Federasiya rəsmisi bir müddət öncə Azərbaycan yığmasına qaytarılan Vüqar Həşimovun “SOCAR-Azərbaycan”a da cəlb olunmasının mümkünlüyünü istisna etməyib.