00:02 06-01-2012
news_image
2129
DÖYÜŞ NÖVLƏRİ

Azərbaycanı Türkiyəyə dəyişdi

Azərbaycanlı cüdoçu Dilqəm Əliyev karyerasını Türkiyədə davam etdirməyə qərar verib. Apasport.az-ın məlumatına görə, bundan sonra 19 yaşlı idmançı “Samsun SHÇEK Gənclik Spor Klubu”nun uğurları üçün tər tökəcək.

Avropa kubokunda bürünc və Azərbaycan birinciliyində qızıl medal qazanan Əliyevin sözlərinə görə, əsas məqsədi bu uğuru davam etdirməkdir: “Bu vaxta qədər bir çox yarışlarda da inamla çıxış etmişəm. Hazırda əsas hədəfim yanvarın 28-də Gürcüstanda start götürəcək Dünya Kubokunda medal qazanmaqdır. Çünki 5 yaşımda məhz atamın istəyi ilə cüdonu seçmişəm. Atam da bu idman növünü sevir. Lakin cüdo ilə məşğul ola bilməyib. Məni də məhz bu məqsədlə 5 yaşında idmana gətirib və 14 ildir cüdo ilə məşğul oluram. Burada əldə edəcəyim uğurlar da atamı ən xoşbəxt insan etmək üçündür. Bunun üçün də məsuliyyətimi hiss edirəm. Gürcüstanda da medal qazanmaq üçün var gücümlə güləşəcəyəm”.

Həmyerlimiz Türkiyədəki həyatı barədə də danışıb. O bildirib ki, bu ölkədə özünü evdəki kimi hiss edir: “Komanda yoldaşlarım, məşqçilərim hamısı çox yaxşı insanlardır. Bu səbəbdən Türkiyədə özümü evimizdəki kimi hiss edirəm. Allah güc, qüvvət verdiyi qədər də karyeramı bu ölkədə davam etdirmək istəyirəm”.

Dilqəm hazırda Türkiyədə cüdo ilə məşğul olsa da, Azərbaycan Bədən Tərbiyəsi və İdman akademiyasının III kurs tələbəsidir. “Samsun SHÇEK Gənclik Spor Klubu”nun baş direktoru Yüksəl Əkinçi də onun əla perspektiv vəd etdiyini deyib.

Əkinçinin sözlərinə görə, Əliyevi Azərbaycan Cüdo Federasiyasından tanıdıqları məşqçilərinin tövsiyəsi ilə kluba cəlb ediblər: “Dilqəm artıq cüdoya bizlə davam edəcək. İdman mədəniyyəti də çox yüksək səviyyədədir. Onun əzmkarlığı və məşqlərdə özünü yaxşı tərəfdən göstərməsi mütləq gələcəkdə öz bəhrəsini verəcək. Bir sözlə, idmançımız gözəl gələcək vəd etməklə, perspektivli cüdoçular arasında yerini qorumaqdadır”.