00:02 08-01-2012
news_image
2260
DÖYÜŞ NÖVLƏRİ

“Gərək sifətimə maska keçirəm”

Afina Yay Olimpiya Oyunlarının qalibi, yunan-Roma güləşi üzrə ikiqat dünya çempionu, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti Fərid Mansurovun apasport.az saytına müsahibəsi

“O, arada tormozlanır”

- Hazırda zalda məşq keçirsiniz. Amma vitse-prezidentlər adətən işi ofislərdən idarə edirlər. Yeni vəzifədə özünüzü necə hiss edirsiniz, çətinliklər varmı?
- İndi vaxtım bir qədər çoxalıb. Həm özüm məşq edə bilirəm, həm də uşaqlara nəzarət etmək imkanım var. Əvvəl işim sırf güləş idi. Uşaqlarla eyni yerdə olurdum, onları 1 dəqiqə də olsun gözdən qoymurdum.

- Karyeranızı bitirdikdən sonra 66 kq çəki dərəcəsində qeyri-müəyyənlik var. Gah Həsən Əliyev, gah da Vitali Rəhimov bu çəkidə qüvvəsini sınayır. Bu çəkidə hansı idmançı boşluğu aradan qaldıra bilər?
- Konkret demək olmaz ki, bu çəkidə boşluq mövcuddur. Sadəcə, dəyişikliklər var. Mən böyük idmanla vidalaşdıqdan dərhal sonra Vitali Rəhimov bu çəkidə dünya üçüncüsü oldu. Eyni zamanda, Avropa çempionatında da eyni pilləyə yiyələndi. Həsənə gəlincə, 60 kq-da güləşir. Son Azərbaycan çempionatında isə çəki salmadan 66 kq-da mübarizə aparmışdı. Bu, rəhbərliyin və məşqçilərin icazəsindən sonra baş verdi.

- Hazırda ən titullu yunan-Roma güləşçimiz sayılırsınız. Bu nəticənizi təkrarlamaq üçün kimin şansı daha çoxdur?
- Yığmada buna qadir idmançılar var. Rövşən Bayramov, Həsən Əliyev, Vitali Rəhimov buna qadirdirlər. Adlarını çəkdiklərimdən uğurlu nəticələr gözləmək olar. Sadəcə, onlar öz üzərlərində daha çox işləməlidirlər.

- Vitalini qeyd etdiniz. Kənardan baxanda elə görünür ki, onda psixoloji hazırlıqsızlıq var. Siz necə düşünürsünüz?
- Rəhimovda bir balaca tormozlanma olur. Lakin bu idmançıda güclü xarakter var. Bəlkə də yığmanın ən çalışqanı, savaşçısı elə Vitalidir.

“Biz əvvəlki nəticəni təkrarlamış kimi olduq”

- Türkiyədəki dünya çempionatından sonra milli komandada dəyişiklik oldu. Sizin istefa verdiyiniz baş məşqçi postunu türkiyəli Saleh Bora tutdu. Ümumiyyətlə, Türkiyədən niyə az medal gətirdik?
- İstanbuldakı dünya çempionatı digərlərindən fərqlənirdi. Belə ki, bu yarış olimpiadaya lisenziya xarakterli olduğundan rəqabət çox güclü idi. Baxsanız, görərsiniz ki, medallar bütün ölkələrə paylandı. Heç kimin gözləmədiyi bir ölkənin nümayəndəsi medal əldə etdi. Məşhur idmançılar isə öz nəticələrini təkrarlaya bilmədilər. Öz komandamızın nəticələrinə nəzər salanda deyə bilərəm ki, əvvəlki nəticəni təkrarlamış kimi olduq. Ötən çempionatda 1 qızıl, 1 bürünc olmuşdusa, cari yarışda 1 qızılla kifayətləndik. Əslində, Saman Təhmasibi bürünc üçün güləşəcəkdi. Amma zədə ona imkan vermədi. Samanın budəfəki rəqibi dəfələrlə üstələdiyi bir güləşçi idi.

- Hamı deyir ki, Azərbaycan güləş ölkəsidir. Amma fakt odur ki, bizim yığmaların məşqçilər korpusunda, eləcə də komanda tərkibində legionerlər var. Buna münasibətiniz necədir?
- Mənə elə gəlir ki, Azərbaycanda da yaxşı mütəxəssislər var. Amma bu barədə qərarı rəhbərlik verir, ona hörmətlə yanaşırıq. Legioner məsələsinə iki prizmadan yanaşmaq lazımdır. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Düzdür, biz də kiminsə tərəfini saxlamamışıq. Amma bu, legioner məşqçilərdə tam olaraq, yoxdur. Onlar birmənalı qərar verirlər. Əslində, biz də güləşçilər arasında yalnız idman prinsiplərinə uyğun seçim etmişik.

“Mən vergi məmuruyam”

- Ali təhsiliniz də var. Heç özünüzü güləşdən başqa sahədə sınamaq istəmisiniz?
- Mən Vergilər Nazirliyində də çalışıram. Bunu Güləş Federasiyası ilə paralel olaraq, həyata keçirirəm.

- Bir ara detektiv janrda filmlərə çəkilmək istəyirdiniz. Belə bir dəvətlər olubmu?
- Bu janrı çox sevirəm. Çəkilsəm də, gərək sifətimə maska keçirəm ki, görünməsin. Ümumiyyətlə, mən detektiv janrlarda yazılan əsərləri, filmləri çox oxuyur və izləyirəm.

- Bakıda keçirilən Avropa çempionatından sonra böyük idmandan getdiniz. İndi çəkiniz neçə kiloqramdır?
- Əvvəlki ilə müqayisədə, 5 kiloqram artıb. Əvvəl 71 kiloqramdan çəki salıb güləşirdim. İndi isə 77 kiloqram olaram.

- Vaxtilə AGF hər ailədə bir güləşçi layihəsinə start verdi. Bunun nə kimi bəhrəsi, nəticələri var?
- Sizə bir söz deyim. Cümlə həqiqətən də çox gözəl səslənir. Arzu edərdim ki, hər ailədə ən azından bir güləşçi olsun. Bizim torpaqlarımızın müəyyən hissəsi işğal altındadır. Biz Ali Baş Komandanın əmrini gözləyirik. Müharibə olarsa, hamımız bir nəfər kimi gedəcəyik. Qarşıda nümunəvi idmançılar getməlidir ki, gənclər ruhlansın. Biz bu vəziyyətə hər zaman hazır olmalıyıq. Güləş də təkbətək döyüş növüdür. Burada idmançı həm tərbiyəvi, həm də fiziki baxımdan hazır olur. Federasiya hazırda güləşçiləri təkcə idmançı kimi deyil, eyni zamanda gələcəyin sağlam vətəndaşı kimi hazırlayır. Bu cəhətdən, hər ailədə bir güləşçinin olmasına yaxşı baxıram və bunu yenə də arzulayıram.

“Güləş futboldan heç də geri qalmır”

- Güləşdən fərqli, futbolda tez-tez qarşılaşmalar keçirilir. Güləş ancaq Avropa, dünya çempionatları öncəsi daha çox diqqət mərkəzində olur. Aradakı fərqi əritmək üçün nə kimi işlər həyata keçirmək olar?
- Güləş Azərbaycanın milli idman növüdür. Məncə, futboldan heç də geri qalmır. Futbol sadəcə, idmanın şahıdır. Federasiyanın təqvim planına baxsanız, yarışların tez-tez keçirildiyini görərsiniz. Sadəcə, güləşdə işıqlandırma zəifdir. Adətən, respublika çempionatı və beynəlxalq turnirlər işıqlandırılır. Regionlar arası turnirlər isə bir qədər kölgədə qalır.

- Ümumiyyətlə, futbola marağınız necədir?
- Özüm oynayıram. Amma baxanı, azarkeşi deyiləm.

- Səbəb nədir?
- Futbolu xoşlamıram. Amma ağır atletikaya çox böyük həvəsim var, izləyirəm. Eyni zamanda, yüngül atletika yarışlarını gözdən qaçırmıram. Hər şey zövqdən asılıdır.

- Yəqin ki, şəxsən tanıdığınız futbolçu var...
- Rəşad Sadıqov, eyni zamanda millinin qapıçısı Kamran Ağayevi tanıyıram. Kamranla hətta belə oturub söhbət etmişik.

- Rəşad Sadıqov digər tanınmış idmançılarla da dostluq edir. Bu, nə sirdir?
- Bizim ümumi dostlarımız var. Rəşad haqda onlardan eşitmişəm. Azərbaycanda Rəşada münasibət həqiqətən də başqa cürüdür. Belə deyək də. Həyatda yaxşı idmançı da, yaxşı alim də olmaq olar. Əsas məsələ yaxşı insan olmaqdır. Sadıqovda belə keyfiyyətlər var.