02:14 12-01-2012
news_image
1179
DÖYÜŞ NÖVLƏRİ

“Kim istəyirsə, 30 yaşından sonra gedə bilər”

“Teymur Məmmədovu heyətimizə qatmışıq. Lakin o, bizə indi yox, yarımfinal və final qarşılaşmalarında kömək edəcək”. Bunu Lent.az-a WSB (Ümumdünya Boks Seriyası) Liqasında çıxış edən “Baku Fires” klubunun baş meneceri Rizvan Gənciyev deyib. Gənciyev 2012-ci il London Yay Olimpiya lisenziya qazanmış 19 yaşlı boksçudan klubun qarşıdakı döyüşlərində yararlana bilməyəcəklərini vurğulayıb. O bildirib ki, London olimpiadasına vəsiqə əldə etmiş boksçularımız yanvarın 16-dan fevralın 29-dək ABŞ-ın Mayami şəhərində təlim-məşq toplantısında olacaqlar. Bu səbəbdən, baş menecer Məmmədovun qarşıdakı “Baku Fires”in döyüşlərində çıxış etməyəcəyini söyləyib.

Bir neçə gün öncə Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev Lent.az-a açıqlamasında Teymur Məmmədov və digər perspektivli boksçularımızın WSB Liqasında döyüşməsini məqsədəuyğun saymadığını bildirib: “İndiyədək hansı boksçumuz o liqada çıxış etməyə gedibsə, şil-şikəst olub. Ona görə də Teymur Məmmədovu “Baku Fires”ə buraxmayacağam. Kim istəyirsə, 30 yaşından sonra gedə bilər”.


Gənciyev isə WSB Liqasında çıxış edən boksçuların “şil-şikəst olmaları” fikri ilə razılaşmayıb: “Əgər söhbət Romal Amanovdan gedirsə, o, döyüşdə yox, fiziki hazırlığının yetərli olmaması üzündən zədə almışdı”.