15:45 13-01-2012
news_image
1316
DÖYÜŞ NÖVLƏRİ

Olimpiya çempionumuz İslama qarşı - FOTO

Yanvarın 14-15-də Qazaxıstanın Almatı şəhərində keçiriləcək “World Masters” turnirində Azərbaycan cüdoçularının rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, dünya reytinqində ilk “16-lıq”da yer alanların yarışında idmançılarımızdan 4-ü ilk, digər 2-si ikinci mərhələdən mübarizəyə başlayacaqlar.

Ən yüngül çəkidə ölkəmizi təmsil edəcək İlqar Müşkiyev – Avropa çempionu Sofian Milousla (Fransa) münasibətlərinə aydınlıq gətirəcək. Püşk 66 kq çəki dərəcəsində çıxış edəcək Tərlan Kərimova daha çətin rəqib qismət edib. O, ötən il Bakıda keçirilən analoji yarışın qalibi, Asiya və dünya çempionu, Afina-2004-ün bürünc mükafatçısı monqolustanlı Tsaqanbaatar Xaşbaatarla üz-üzə gələcək.

Olimpiya çempionumuz Elnur Məmmədli Asiya Oyunlarının gümüş mükafatçısı İslam Bozbayevlə (Qazaxıstan) gücünü yoxlayacaq.

Onlardan fərqli, Elxan Məmmədov (90 kq) ilk mərhələdən azaddır. O, birinci döyüşündə Pekin-2008-də məğlub etdiyi Xurşid Nəbiyevə (Özbəkistan) bir daha qalib gəlməyə çalışacaq.

Xanım cüdoçularımızdan Kifayət Qasımova (57 kq) da Məmmədov kimi ikinci mərhələdə tatamiyə çıxacaq. Onun rəqibi gənclər arasında dünya çempionu Rafaela Silva (Braziliya) olacaq.

Ramilə Yusubova (63 kq) isə israilli Alise Sçlesnigerlə qarşılaşacaq. Maraqlıdır ki, 2009-cu ildə dünya çempionatında hər 2 cüdoçu bürünc mükafata layiq görülüb.

Qeyd edək ki, Olimpiadaya lisenziya xalları verəcək yarışda çempion adını qazanacaq idmançı 400 xala yiyələnəcək. Gümüş mükafatçı 240, üçüncü yerin sahibi 160 xal aktivinə əlavə edəcək. 5-ci olanlara isə 80 xala yiyələnəcəklər.