17:46 13-01-2012
news_image
1767
DÖYÜŞ NÖVLƏRİ

“Kəmaləddin Heydərovun fikri mənim üçün son qərardır” - MÜSAHİBƏ

Boks üzrə Azərbaycan milli komandasında 91 kq çəki dərəcəsində çıxış edən Teymur Məmmədov 2011-ci ildə Avropa çempionu və dünya vitse-çempionu olub, 2012-ci il London Yay Olimpiya Oyunlarına lisenziya qazanıb. Cəmi 19 yaşı olan Məmmədov WSB (Ümumdünya Boks Seriyası) Liqasında “Baku Fires” klubuna isə bu ildən cəlb olunub. Lakin Azərbaycan Boks Federasiyasının I vitse-prezidenti Ağacan Abiyev klub rəhbərliyinin bu qərarına qarşı çıxıb. O, gənc boksçumuzun WSB Liqasında döyüşməsinə imkan verməyəcəyini bildirib. Abiyev Məmmədovun zədələnəcəyindən ehtiyatlanır. Bu halda idmançının özünün hansı fikirdə olması maraq doğurur. Amma o, bir neçə gündür ki, Azərbaycanda deyildi. Nəhayət, yanvarın 12-də Vətənə qayıdan Teymur Məmmədov Lent.az-a eksklüziv müsahibəsində bu məsələyə də toxunub və yaranmış situasiya ilə bağlı öz mövqeyini açıqlayıb:

- Yeni İli necə qarşıladınız?
- 2012-ci ili adi qaydada - Bakıda öz ailəmizdə qeyd etdik.

- Amma Rusiyadan yenicə qayıtmısınız...
- Ora Yeni İldən sonra getmişdim. Rusiyada qohumlarım yaşayır. Bir neçə günlük getmişdim. Şəxsi işlərim vardı, həll edib qayıtdım. Hazırda “Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan yığmasının digər üzvləri ilə birgə təlim-məşq toplantısındayam. Yanvarın 16-da isə hazırlığın növbəti mərhələsində iştirak etmək üçün ABŞ-ın Mayami şəhərinə yollanacağıq.

- Ötən il karyeranız üçün uğurlu oldu. Bəs qarşıdakı London Yay Olimpiya Oyunları barədə nə düşünürsünüz?
- 2011-ci ildə Avropa çempionu, dünya çempionatının gümüş mükafatçısı oldum və London olimpiadasına lisenziya qazandım. Avropa çempionluğunu qarşıma məqsəd qoymuşdum və buna nail oldum. Dünya çempionatına gəldikdə, cüzi təcrübəm və fiziki gücüm çatmadı. İnşallah, olimpiadaya hazırlıq zamanı dünya çempionatındakı bütün səhvlərimi aradan qaldıraraq, olimpiya çempionu olacağam.

- Sizcə, cəmi 19 yaşlı boksçu üçün böyüklər arasında belə yüksək nəticələr göstərmək üçün tez deyil?
- Məncə, illər heç nəyi həll etmir. Əgər səndə hər şey yaxşı alınırsa, deməli, nə qədər yaşının olmasının əhəmiyyəti yoxdur. Mayk Tayson da, Məhəmməd Əli də gənc yaşlarında böyük nailiyyətlər əldə edib.

- WSB Liqasında çıxış edən “Baku Fires” klubunun heyətinə cəlb olunmağınız müəyyən mübahisələrə səbəb olub...
- Bundan xəbərdaram. Açığı, döyüşmək istəyirəm. Bu, mənim üçün London olimpiadasına böyük hazırlıq olardı. WSB Liqasında hər görüşdə 5 raund döyüşdükdən sonra olimpiadada 3 raundluq mübarizə aparmaq çox asan olacaq. Sadəcə, I vitse-prezidentimiz Ağacan Abiyev qorxur ki, zədə ala və olimpiadada pis çıxış edə bilərəm. Amma mənim fikrimcə, zədəni hər yerdə - həvəskar boksda, hətta küçədə getdiyim yerdə belə almağım mümkündür. Ona görə də qorxmağa əsas görmürəm. Hesab edirəm ki, “Baku Fires”in heyətində yaxşı çıxış edə və WSB Liqasında yarımfinal və final görüşlərində klubumuzun şərəfini qoruya bilərəm.

- Amma Abiyev WSB Liqasında döyüşməyinizin qəti əleyhinədir və Lent.az-a açıqlamasında Sizi “Baku Fires”ə buraxmayacağını bildirib...
- Mən də bunu eşitmişəm. Bilmirəm, baxarıq. Desələr ki, “Baku Fires”in heyətində döyüşmə, döyüşməyəcəyəm. Hər şeyi rəhbərlik həll edir.

- “Baku Fires”in baş meneceri Rizvan Gənciyev isə Sizdən WSB Liqasında yalnız yarımfinal və final döyüşlərində yararlanmaq niyyətində olduqlarını açıqlayıb...
- Hər şeyi Abiyev həll etmir. O, federasiyamızın I vitse-prezidentidir. Lakin prezidentimiz Kəmaləddin Heydərov döyüşməyimə icazə versə, vuruşacağam.

- Yəqin ki, bu məsələdə Sizin də fikrinizi öyrənəcəklər...
- Əlbəttə. Məndən də mövqeyimi soruşacaq, maraqlanacaqlar. Amma rəhbərlik nə desə, ona da əməl edəcəyəm. Əlbəttə, Ağacan Abiyevə çox böyük hörmətim var. O, əvvəllər federasiyamızın prezidenti olub, Azərbaycanda boksun yüksək inkişaf səviyyəsində olmasına daim kömək edib. Amma bir daha deyirəm: Federasiyanın prezidentinin fikri mənim uçun son qərardır.

- Digər tərəfdən, dünya çempionu Məhəmmədrəsul Məcidov da ötən il WSB Liqasında döyüşüb və bu il də “Baku Fires”in heyətinə cəlb olunub...
- Bilirsiniz, bu, yeni liqadır. Hazırda bütün diqqətlər WSB Liqasına yönəlib. Əlbəttə, hamımız öz komandamızın qələbə qazanmasını istərdik. Bunun üçün risk etməliyik. Qələbə naminə ən güclü, ən yaxşı boksçuları heyətə cəlb etmək lazımdır. “Baku Fires” yarımfinala çıxsa, ən güclü boksçulardan yararlanmalıdır. Ona görə də klub rəhbərliyi 91 kq-dan yuxarı çəkidə Məhəmmədrəsul Məcidovu, 85 kq çəkidə məni, eləcə də qalan 3 çəkidə digər ən güclü boksçuları heyətə daxil etmək istəyir. Bu döyüşlər maya təsadüf edəcək. “Baku Fires” yarımfinala yüksələ bilməsə, mən də WSB Liqasında çıxış etməyəcəyəm.

- Siz hazırlıq prosesini “Baku Fires”in boksçuları ilə birgə keçəcəksiniz?
- Bəli. Elə indi də onlarla birgə hazırlıq keçirəm. Mayamiyə London olimpiadasına lisenziya qazanmış 5 boksçudan əlavə “Baku Fires”in heyətində döyüşən bütün boksçular da yollanacaqlar. Olimpiadaya yüksək səviyyədə hazırlıq keçəcəyik. WSB Liqasında yarımfinal və ya final döyüşündə iştirak edib-etməyəcəyimdən asılı olmayaraq, həmişə formadayam və döyüşə hazıram.

- Rusdilli olmağınız nədən irəli gəlir?
- Özüm Rusiyanın Tomsk şəhərində anadan olmuşam. Amma atam da, anam da azərbaycanlıdır. Sonradan ailəmizlə birgə Bakıya köçmüşük. Hazırda Zabrat qəsəbəsində qalırıq. Məşqlərə də burada başlamışam.