10:09 16-01-2012
news_image
794
STOLÜSTÜ OYUNLAR

Veyk-an-Zeedə bu dəfə də qələbə qazana bilmədik

Hollandiyanın Veyk-an-Zee şəhərindən ənənəvi beynəlxalq şahmat turnirində ikinci turun oyunları başa çatıb. Apasport.az saytının məlumatına görə, yarışda ölkəmizi təmsil edən beynəlxalq qrossmeysterlər - Teymur Rəcəbovla (2773) Vüqar Həşimov (2761) bu dəfə də qələbə qazana bilməyiblər.

Belə ki, bir dövrədən ibarət turnirin ilk turunda Fabiano Karuana (İtaliya, 2736) ilə heç-heçə edən Rəcəbov ikinci görüşündə Aniş Qiri (Hollandiya, 2714) ilə gücünü yoxlayıb. Qara fiqurlarla oynayan təmsilçimiz bu dəfə də xalları yarı bölüb.

Həşimov II turdu da 0,5 xalla başa vurub. Birinci görüşündə Maqnus Karlsenə (Norveç, 2835) uduzan təmsilçimiz ardından ağ fuqurlarla Qata Kamski (ABŞ, 2732) ilə bacarmayıb və tərəflər “sülh”ə razılaşıblar.

İkinci turda cəmi 2 qələbə qeydə alınıb. Bu matçlarda Levon Aronyan (Ermənistan, 2805) Hikaru Nakamuranı (ABŞ, 2759), Fabiano Karuana (İtaliya, 2736) Sergey Karyakini (Rusiya, 2769) mat edib. Vasili İvançuk (Ukrayna, 2766) - Maqnus Karlsenə (Norveç, 2835), Veselin Topalov (Bolqarıstan, 2770) - Lyuk Van Veli (Hollandiya, 2692) və David Navara (Çexiya, 2712) - Boris Gelfand (İsrail, 2739) cütündə isə qalib müəyyənləşməyib – 0,5:0,5.

Beləliklə, 2 turdan sonra Aronyan 2 xalla yarışın vahid lideridir. Aktivində 1,5 xalı olan Qiri, Karlsen və Karuana 2-4-cü yerləri bölüşürlər. Rəcəbov, Navara, Kamski, İvançuk, Topalov və Van Veli 1 xala malikdirlər. Onlar 5-10-cu yerlərə şərikdirlər. Nakamura, Gelfand və Həşimov isə hələ ki, 1 dəfə heç-heçə ediblər və bu zəka sahibləri 0,5 xalla 11-13-cü yerləri bölüşürlər. Son pillədə isə hər 2 turda uduzan Karyakin qərar tutub.

Qeyd edək ki, bu gün keçiriləcək III turda Rəcəbov ağ fiqurlarla Navaranı, Həşimov qara fiqurlarla Van Velini sınağa çəkəcək.