18:55 18-01-2012
news_image
1076
DÖYÜŞ NÖVLƏRİ

Elxan Məmmədov üçün uğursuz reytinq

Beynəlxalq Cüdo Federasiyası 2012-ci ilin ilk reytinq cədvəlini açıqlayıb. Apasport.az saytının məlumatına görə, “World Masters”in yekununa əsasən açıqlanan siyahıda cəmi 2 cüdoçumuz irəliləyib.

Bunlar Ramilə Yusubova (63 kq) və Elxan Rəcəblidir (81 kq). Yığmamızın üzvləri müvafiq olaraq, 14-cü və 21-ci yerlərə yüksəliblər.

“World Masters”in qalibi olan Olimpiya çempionumuz Elnur Məmmədli (81 kq) və analoji yarışın ilk mərhələsində uduzan Kifayət Qasımovanın (57 kq) mövqeyində isə dəyişiklik olmayıb. Onlar yenə də, müvafiq olaraq, öz çəki dərəcələrində 3-cü və 13-cüdürlər.

Təəssüf ki, İlqar Müşkiyev (60 kq) və Tərlan Kərimov (66 kq) bir rəqiblərini özlərindən irəli buraxıblar. 60 kq çəki dərəcəsində yığmamızın üzvü 11-ci, 66 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz isə 14-cü yerə enib.

Artıq London-2012-yə getmək şansını azaldan Elmar Qasımov (100 kq) da yerini qoruya bilməyənlər sırasındadır. Ağır çəkili idmançımız 2 pillə aşağı düşərək, 37-ci yerdə qərar tutub.

Ən çox geriləmə isə Elxan Məmmədovda (90 kq) müşahidə olunub. O, 5 rəqibini özündən irəli buraxmaqla, 10-cu pilləyə düşüb.

Qeyd edək ki, reqlamentə əsasən kişilərin reytinq cədvəlində ilk 22, qadınlarda isə 16 yeri tutacaq cüdoçular London Olimpiadasında iştirak etmək hüququ qazanacaqlar.