00:02 19-01-2012
news_image
1361
DÖYÜŞ NÖVLƏRİ

“Çox insanları görmək istəmirəm” - MÜSAHİBƏ

Olimpiya çempionu Elnur Məmmədlinin (81 kq) apasport.az saytına müsahibəsi.

- Qazaxıstanda keçirilən “World Masters” seriyalı turnirin qalibi oldunuz. Mövsümə qələbə ilə başlamanı olimpiada öncəsi əlavə stimul kimi dəyərləndirmək olarmı?
- Əlbəttə. 2012-ci ilə gözəl başladıq, uğurlu oldu. Mən təkcə cüdonu yox, eyni zamanda digər idman növlərimizi də zirvədə görmək istəyirəm. Arzum budur ki, 2012-ci il bütün növlər üçün uğurlu alınsın. Bilirsiniz ki, prezidentimiz İlham Əliyevin sərəncamı ilə 2012-ci il idman ili elan olunub. Maşallah, hər şey üst-üstə düşür. İnşallah, bunun davamını London olimpiadasında qazanacağımız nəticələrlə gətirəcəyik.

- Yaponiya cüdo məktəbi dünyanın ən güclüsü sayılır. Amma finalda məhz yaponiyalını üstələdiniz...
- Bəli. Bu, çox yaxşı siqnaldır.

- Ümumiyyətlə, yaponlarla mübarizə aparmağın nə baxımdan çətindir ki, hamı onları favorit sayır?
- Bilirsiniz ki, gün çıxan ölkələr cüdonun yaradıcıları sayılırlar. Müəyyən idmançılar var ki, tatamiyə çıxmazdan öncə belə onlardan çəkinirlər, qorxurlar. Psixoloji cəhətdən uduzurlar. Mən elə gəlir ki, bu qorxu lazım deyil. O da insandır, sən də. Qoy, yapon məktəbi bizdən çəkinsin, bizdən öyrənsin. Biz onların yaddaşlarında qalmalıyıq. Necə ki, Pekin Yay Olimpiya Oyunlarından sonra uzun müddət bizim haqqımızda danışdılar.

- Qazaxıstanda sizdən başqa medal qazanan idmançımız olmadı. Bəs, medalların sayı niyə azdır?
- Bu, idmandır həmişə eyni nəticəni qazanmaq olmur. Gah udursan, gah uduzursan. Yəqin ki, digər idmançılarımız ya tam formada olmayıblar, ya da yarışa yaxşı hazırlaşmayıblar.

- Olimpiya Oyunlarına az qalıb. İçinizdə nə kimi hisslər var?
- Çox rahatam. Məncə, indidən sıxılmağa dəyməz. İndidən yalnız olimpiya oyunlarını fikirləşib, özümü yandırmaq istəmirəm. Hiss edirəm ki, az qalıb. Sabah da olmasa, bir neçə gün sonra başlamalıdır. Əsas odur ki, formada olmaq və özümüzə inanaq, Allahdan ümidimizi kəsməyək. Allah bizi bəd nəzərdən, zədədən qorusun.

- Pekində çempionluq sevincini yaşamısınız. Bunun hazırlığa, tam köklənməyə hansısa mənfi təsiri ola bilərmi? Axı, siz bu yolu bir dəfə keçmisiniz....
- Bilirsiniz, hal-hazırda mən olimpiya oyunlarının qalibiyəm. Odur ki, bütün tanıyanlar, tanımayanlar hər kəs məndən medal gözləyir. Mütəmadi olaraq deyirlər ki, udmalısan. Bu, məni hardasa müəyyən mənada yorur. Aydın məsələdir ki, mən yenə çempionluğu hədəfləmişəm. Udmalısan sözünün qarşısına bir inşallah kəlməsi qoysalar, daha yaxşı olar. Artıq udmalısan sözü mənə çox pis təsir edir. Odur ki, son zamanlar çox adamla ünsiyyətə girmirəm. Çox adamı görmək istəmirəm. Adamlar olan yerdən qaçıram ki, mənə psixoloji təsir etməsinlər.

- Sözsüz, idmanda heç nəyi əvvəlcədən proqnozlaşdırmaq olmur. Amma düşünürük ki, ən çox medal tələb olunan adam elə sizsiniz. Son olimpiadanın qalibi olmaqla yanaşı, həm də olimpiya yığmasının lideri sayılırsınız. Bu mənada, azarkeşlərin haqlı saymaq olar...
- Əlbəttə ki, mən bütün bunları nəzərə alıram. Londonda layiqincə güləşəcəyəm. Bilirsiniz, çətindir. Hər kəs səndən gözləyir, tələb edir. Bütün bunları nəzərə alsaq, müəyyən qədər çətinliklərlə üz-üzəyik. Amma ümidvaram ki, hər şey istədiyimiz kimi, yaxşı olacaq.

- Bizdə olimpiya hərəkatı davam edir. Bu mənada, 2020-ci il Yay Olimpiya Oyunlarına ev sahibliyi edə bilərikmi?
- Niyə keçirmirik? Özünüz də bilirsiniz ki, Azərbaycanda keçirilən Avropa, dünya çempionatlarının, beynəlxalq miqyaslı yarışların, təsnifat oyunlarının analoqu olmayıb. Karyeram ərzində Avropa və dünya çempionatlarında, beynəlxalq turnirlərdə mübarizə aparmışam. Amma indiyə qədər Azərbaycan kimi təşkilatçılıq edən ölkə görməmişəm. Bütün bunları nəzərə alsaq, olimpiadaya ev sahibliyi edə biləcəyimizi söyləmək olar.

- Amma müqayisədə olimpiada daha uzunmüddətli və diqqət cəlb edən olur. Planetin ən güclü yarışında ən xırda detallar da nəzərə alınmalıdır. Sizcə, namizədliyini irəli sürən Bakı buna qadirdir?
- Hazırlıq məqsədi ilə olimpiadanı keçirəcək şəhərin adı daha əvvəldən məlum olur. Hələ olimpiadaya qədər 8 ilimiz var. Azərbaycan günü-gündən gözəlləşir. İnşallah, biz bu olimpiadaya ev sahibliyi etsək, daha da çox tanınarıq. Olimpiadanı yüksək səviyyədə keçirmək üçün bizim imkanlarımız var. İndi hamı Pekindəki açılış mərasimindən danışır. Amma biz milli-adət ənənələrimiz, qonaqpərvərliyimizlə hamını ötüb-keçəcəyik.