11:56 24-01-2012
news_image

Milli komandamız 2012-ci ilin ilk sınağına Türkiyədə çıxacaq

Yanvarın 28-29-da Türkiyənin İstanbul şəhərində Vehbi Əmrənin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə 30-cu beynəlxalq turnir keçiriləcək. Apasport.az saytının məlumatına görə, I Qızıl Qran-Pri xarakterli yarışda Azərbaycanla yanaşı, Türkiyə, İsveç, Gürcüstan, İtaliya, Cənubi Koreya, Belarus, Özbəkistan, Qazaxstan, Yaponiya, Rusiya, İran, Ukrayna, Yunanıstan və Bolqarıstan milli komandalarının iştirak etməsi gözlənilir.

Yığmamız turnirə məşqçilər Salih Bora, Şaban Donat və Mutaalib Yerlikayanın rəhbərliyi altında 14 güləşçi ilə qatılacaq. Türkiyəli çalışdırıcılar 2012-ci ilin ilk sınağında Eldəniz Əzizli, Elçin Əliyev (hər iksi 55 kq), Kamran Məmmədov, Orxan Paşayev, Sakit Cəlilov (hər üçü 60 kq), Həsən Əliyev, Vitali Rəhimov, Rəsul Çunayev (hər üçü 66 kq), Niyaməddin İbrahimov, Samuray Mustafayev, Elvin Mürsəliyev (hər üçü 74 kq), Rafiq Hüseynov (84 kq), Şalva Qadabadze (96 kq) və Maksim Proxorova (120 kq) şans verəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edəcək.

Qeyd edək ki, turnirin proqramına əsasən, yanvarın 28-də 55, 66, 84 və 120 kq, yanvarın 29-da isə 60, 74 və 96 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.