18:40 27-01-2012
news_image
1825
DİGƏR NÖVLƏR

“Bu, idman ictimaiyyəti üçün gözəl bir hədiyyədir”

Bu gün Gənclər və İdman Nazirliyində 2012-ci ilin “İdman İli” elan edilməsi ilə bağlı tədbir keçirilib. Apasport.az saytının məlumatına görə, toplantıda gənclər və idman naziri Azad Rəhimov, nazir müavini İsmayıl İsmayılov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, baş katib Ağacan Abıyev, ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının və cəmiyyətlərinin rəsmiləri iştirak ediblər.

Tədbirdə “İdman İli” ilə bağlı müxtəlif müzakirələr aparılıb və təkliflər irəli sürülüb. Ötən ildə idman sahəsində əldə olunan uğurları xatırladan nazir AzadRəhimov bildirib ki, 2012-ci il çox vacib bir il olacaq: “Ölkəmizdə idmana xüsusi diqqət göstərilir. İndiyə kimi 33 Olimpiya idman kompleksi istifadəyə verilib. Daha 11 belə mərkəz təhvil veriləcək. Bakıda Gimnastika və Hovuz Kompleksinin, “Olimpiya” stadionun və Boks Mərkəzinin təməli qoyulub. Həmçinin, güləş, cüdo və digər idman növləri üzrə mərkəzlərin tikintisi də planlaşdırılır. İdmana göstərilən bu diqqət və qayğı Azərbaycanı artıq idman ölkəsinə çevirib. Bu il bizim üçün çox vacib bir ildir. Çünki 2012-ci ildə bizi London Olimpiadası, Bakı-2020 ilə hazırlıqla bağlı vacib məqamlar, lisenziyalarımızın sayının artırılması, 17 yaşadək futbolçu qızlardan ibarət dünya çempionatı, “İdman” qəzetinin 70 illiyi və digər möhtəşəm hadisələr gözləyir. Bunun üçün cənab Prezident İlham Əliyevin 2012-ci ili “İdman İli” elan etməsi idmançılar, idman ictimaiyyəti və idmansevərlər üçün gözəl bir hədiyyədir. Artıq idman layihələrinin seçilmək işlərinə başlanılıb. Biz bütün federasiyalara məktubla müraciət etmişik və onlardan hələlik 15-20 təklif almışıq”.

Daha sonra Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edib. 2012-ci ilin “İdman İli” olmasını böyük hadisə kimi dəyərləndirən MOK-un vitse-prezidenti bildirib ki, bu, təsadüfi deyil: “Bu addım Azərbaycanda idmanın böyük sürətlə inkişafına əsaslanır. Cənab prezident həmişə bu sahəyə xüsusi diqqət göstərib və idman sahəsini daim nəzarətində saxlayıb. 2012-ci il həm də bizim üçün Londonda keçiriləcək Olimpiya Oyunları ilə əlamətdar olacaq. Bu Olimpiya Oyunlarının Azərbaycanın Olimpiada tarixinə ən uğurlu yarış kimi düşəcəyinə inanıram. Bundan əlavə, Olimpiya Oyunlarına ev sahibliyi etmək üçün namizədliyimizi vermişik və “Bakı-2020” ilə bağlı da müəyyən məsələlər məhz bu il bilinəcək. Həmçinin, 2012-ci ildə Milli Olimpiya Komitəsinin yaranmasının 20 ili tamam olur”.

Çingiz Hüseynzadə bir neçə təklif də irəli sürüb: “İdman İli” elan edilməsi heç də yarışların çox keçirilməsi deyil. Fikrimcə, bu, idmana münasibətin dəyişməsi deməkdir. Məsələn, idmanla bağlı filmlər çəkilir, bədii əsərlər yazılır, rəsmlər çəkilir və s. Bunlar vacibdir. Biz də bu sahələrdə çalışanlara səslənirik. İş adamları da idmana diqqəti artıracaqlar. Biz artıq idman ölkəsi kimi tanınmışıq. Təklifim odur ki, İdman və Gənclər Nazirliyinin tərkibində və ya digər yerdə idman studiyası yaradılmalıdır. İdmanımızın sənədləşdirilməsi gələcəkdə daha çox fayda verəcək. Məsələn, MOK fevralda idmanla bağlı rəsm və heykəltəraşlıq müsabiqəsi keçirəcək. Burada münsiflər heyətində çox güclü mütəxəssislər yer alıblar. Planlaşdırırıq ki, daha sonra bunu böyük bir sərgi salonunda nümayiş etdirək. Martın 5-də “İdman günü”nü isə daha yüksək səviyyədə keçirmək lazımdır ki, “İdman ili” yadda qalan olsun”.

MOK-un baş katibi Ağacan Abıyev də öz təkliflərini irəli sürüb. Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Jak Roq və Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikkeynin Azərbaycan idmanı barədə dediyi xoş sözləri xatırladan natiq bildirib ki, “İdman İli”nin daha əla keçməsi üçün səylə çalışmalıdır. Abıyevın təklifi isə rektoru olduğu Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında idman üzrə elmi-metodiki beynəlxalq tədbirin keçirilməsi ilə bağlı olub. O, həmçinin Respublika Spartakiadasının təşkilini də vacib sayıb: “1998-ci ildə Tofiq Bəhramov adına Respublika stadionunda Yeniyetmələrin I Respublika spartakiadası oldu. Heydər Əliyevin də iştirak etdiyi yarış günü stadionda və ölkədə sözün əsl mənasında bayram idi. İyunun sonlarında, Olimpiada öncəsi yenidən yeniyetmələr və gənclər arasında belə turnirin keçirilməsi yaxşı olardı”.

Güləş üzrə Olimpiya çempionu Namiq Abdullayev də 2012-ci ilin “İdman İli” elan edilməsini idmançılar üçün böyük töhfə sayıb. O bildirib ki, milli komandamızı “London-2012”də ciddi sınaq gözləyir: “İdman İli”nin hamımız üçün düşərli olacağına və Londonda daha çox medal qazanacağımıza inanıram”.

Daha sonra müxtəlif federasiyaların rəsmiləri təkliflərlə çıxış ediblər.