12:54 30-01-2012
news_image

Yığmamızın heyəti açıqlandı

Boks üzrə milli komandamız ilin ilk yarışına Macarıstanda çıxacaq. Boks Federasiyasından apasport.az saytına verilən xəbərə görə, fevralın 8-də Debretsen şəhərində başlayacaq İştvan Bocskainin memorialında 5 həmyerlimiz mübarizə aparacaq.

Heyətdəki ən tanınmış sima dünya və Avropa çempionatının mükafatçısı, Pekin Olimpiadasının iştirakçısı Samir Məmmədovdur. Son Azərbaycan çempionatının qalibi 56 kq çəki dərəcəsində çıxış edəcək.

Heyətdəki digər təcrübəli boksçu isə 2006-cı ildə Avropa çempionatının gümüş mükafatçısı olmuş Rahib Bəylərovdur. O, bu dəfə yeni çəki dərəcəsində - 81 kq-da gücünü sınayacaq.

Dekabrda Surqutda Neft Ölkələrinin Dünya Kubokunda 1-ci olmuş Cavid Çələbiyev (52 kq) Macarıstanda da məşqçilər korpusunun etimadını doğrultmağa çalışacaq. Tamerlan Abdullayev (69 kq) və Kamran Mehdiyev də (91+kq) ilin ilk beynəlxalq turnirində iştirak edəcəklər.

Fevralın 12-də yekunlaşacaq yarışda ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.